Yaşadığımız dünyaya aid hər cür məlumatı və bildiyimiz hər şeyi duyğu orqanlarımız vasitəsilə öyrənirik. Duyğu orqanlarımız vasitəsilə bizə çatan məlumatlar ardıcıl proseslər nəticəsində elektrik siqnallarına çevrilir və bu siqnallar beynimizin lazımi nöqtələrində şərh edilir. Beynimizin bu şərhi nəticəsində biz, məsələn, bir kitab görürük, çiyələyin dadını alır, cökə ağaclarını qoxulayır, ipək parçaya toxunur və ya küləklə yellənən yarpaqların xışıltısını eşidirik.
Aldığımız təlqinlə hər zaman bədənimizin xaricindəki parçaya toxunduğumuzu, bizdən 30 sm-lik məsafədəki kitabı oxuduğumuzu, metrlərlə uzaqlıqdakı cökə ağaclarının qoxusunu aldığımızı, çox yüksəkliklərdəki yarpaqların xışıltısını eşitdiyimizi zənn edirik. Əslində isə, bu sadaladıqlarımızın hamısı bizim içimizdə baş verən hadisələrdir. Kitabın görüntüsündən yarpaqların xışıltısına qədər hər şey içimizdə, beynimizdə əmələ gəlir. Burada daha təəccüblü həqiqətlə də qarşılaşırıq: beynimizdə, əslində, nə rəng, nə səs, nə də görüntü var. Beynimizdə ancaq elektrik siqnalları var. Bu, fəlsəfi düşüncə deyil, duyğularımızın funksiyası ilə bağlı elmi izahdır. “Zehnin xəritəsini çıxarmaq” adlı kitabında yazıçı Rita Karter dünyanı necə qavradığımızı belə açıqlayır:
Hər bir duyğu orqanı özünə uyğun olan xəbərdarlığa cavab verəcək şəkildə yaradılmışdır. Bu xəbərdarlıqlar isə molekullar, dalğalar və ya titrəmələr şəklindədir. Bütün bu müxtəlifliyə baxmayaraq, duyğu orqanları, əslində, eyni vəzifəni yerinə yetirirlər: özlərinə aid olan xəbərdarlığı elektrik siqnallarına çevirirlər.Xəbərdarlıq isə sadəcə xəbərdarlıqdır. Qırmızı rəng deyil və ya Bethovenin beşinci simfoniyasının ilk notu deyil, sadəcə elektrik enerjisidir. Əslində, hər hansı bir hissi digərlərindən fərqləndirmək əvəzinə duyğu orqanları hamısını eyni şeyə, yəni elektrik siqnalına çevirirlər.
Elə isə bütün hisslərə aid olan xəbərdarlıqlar eyni qaydada beyinə elektrik axınları şəklində daxil olur və buradakı sinir hüceyrələrinə xəbərdarlıq edirlər. Bütün proses budur. Bu elektrik siqnallarını yenidən işıq dalğalarına və ya molekullara çevirən geri qayıtma sistemi yoxdur. Hər hansı bir elektrik siqnalının görüntüyə, digərinin qoxuya çevrilməsi isə bu elektrik siqnalının hansı sinir hüceyrələrinə təsir etməsinə bağlıdır.1
Yuxarıdakı açıqlamalar çox vacib mövzuya diqqət çəkir. Bizim dünya haqqında qavradığımız bütün hisslər, görüntü, dad və qoxular, əslində, eyni məmulatdan, yəni elektrik siqnallarından meydana gəlir. Elektrik siqnallarını bizim üçün mənalandıran, bu siqnalları qoxu, dad, görüntü, səs və ya toxunma şəklində şərh edən isə beyindir. Beyin kimi nəm ətdən əmələ gələn bir maddənin hansı elektrik siqnalını qoxu, hansını görüntü kimi şərh edəcəyini bilməsi və eyni məmulatdan bir-birindən çox fərqli duyğu və hisslər meydana gətirməsi isə böyük möcüzədir.
İndi bu böyük möcüzənin necə baş verdiyini, yəni “dünyanı necə qavrayırıq?” sualının cavabını bütün hisslərimiz üçün bir-bir nəzərdən keçirək.