Allah Quranda “Biz bu Quranda insanlar üçün cürbəcür məsəllər çəkdik. İnsan isə ən çox mübahisə edəndir. (Kəhf surəsi, 54)” ayəsi ilə insanların mübahisəçi xüsusiyyətlərinə diqqət çəkir. Bəzi insanlar, xüsusilə mənfəətlərinə zidd olduğunu düşündükləri məsələlərdə, həqiqətlər çox açıq olduğu halda, özlərini bilməməzliyə vururlar. Lazımsız təfərrüatlara aparan, hər hansı bir nəticə gətirməyən mənasız suallar verərək mübahisə edirlər. Bu xüsusiyyətlərinə görə, insanlardan bəziləri tarix boyu Allah`ın seçdiyi bütün peyğəmbər və elçilərlə mübahisə etmiş, onların gətirdikləri açıq-aşkar həqiqətlərə qarşı həqiqətdən kənar misallar gətirmişlər. Qarşı gəlməklərindəki məqsəd isə səmimi şəkildə həqiqətləri öyrənmək deyil, əksinə, həqiqətləri görməməzliyə vuraraq öz fikirlərinə görə çətinlik yaratmaqdır.
Səmimi şəkildə öyrənmək, düşünmək və anlamaq məqsədilə sual verənləri bu açıqlamadan kənar etmək lazımdır. Əlbəttə, insanların bir çoxunun ilk dəfə qarşılaşdıqları və həyata baxışlarını tamamilə dəyişdirəcək belə vacib mövzuda sual vermək, daha yaxşı anlamaq üçün araşdırmaq və bilənlərlə məsləhətləşmək son dərəcə doğru və vacibdir. Sual və araşdırmalarında səmimi və xoş niyyətli olan insanların üslublarının mübahisəçi, şübhəçi və anlayışsız insanlarla eyni olmadığı məlumdur. Ona görə, burada haqqında danışılan şəxslər həqiqətləri qəbul etməkdə inadkarlıq edən, mübahisəni və inkarı vərdiş halına gətirən insanlardır.
Allah bir ayəsində mübahisəçi insanların halını belə açıqlayır:
Onlar dedilər: “Bizim tanrılarımız yaxşıdır, yoxsa o?!” Onlar bunu sənə yalnız mübahisə etmək xatirinə dedilər. Şübhəsiz ki, onlar höcətləşən bir qövmdürlər! (Zuxruf surəsi, 58)
Quranda inadkar və mübahisəçi insanlara verilən nümunələrdən biri də firondur. Firon hz. Musanın ona bütün həqiqətləri tam açıq şəkildə izah etməsinə baxmayaraq, onun izah etdikləri ilə heç bir əlaqəsi olmayan, bundan başqa, cavabını alsa belə, ona heç bir fayda verməyən sual vermişdir. Ona Allah`ın varlığını izah edən hz. Musaya fironun sualı belədir:
(Firon) soruşdu: “Bəs əvvəlki nəsillərin halı necədir?” (Taha surəsi, 51)
Aydındır ki, firon bu sualı sadəcə mübahisə olsun deyə vermişdir. Sualında səmimi öyrənmə istəyi yoxdur və öz zəif ağlına görə, hz. Musanın cavabsız qalaraq çətin vəziyyətə düşəcəyini hesab edir. Ancaq hz. Musa onun bu sualındakı məqsədini dərhal anlayır, ayədə də bildirildiyi kimi, ona çox açıq və qəti cavab verir:
Cavab verdi: “Onlara dair bilik yalnız Rəbbimin dərgahında olan bir kitabdadır. Rəbbim xəta etməz və unutmaz!” (Taha surəsi, 52)
Mübahisəçi və qəsdən həqiqətləri bilməməzliyə vuran xarakter, əlbəttə, sadəcə firona və ya keçmişdə yaşayan bir sıra inkarçılara aid deyil. Dövrümüzdə də insanların böyük hissəsi mənfəətlərinə zidd olan məsələlərdə, xüsusilə, dinlə bağlı məsələlərdə mübahisə etməyə başlayırlar. Səmimi yanaşdıqda anladıqları mövzuları qəsdən anlamaq istəmədikləri sual və üslublarından bəlli olur. Xüsusilə bu kitabda izah edilən qədər (tale) həqiqəti və maddənin həqiqi mahiyyəti kimi mövzular insanların ən çox özlərini bilməməzliyə vurduqları mövzulardır. Bunda görə də bu mövzularda verdikləri suallar həqiqəti araşdırıb öyrənməyə yönələn səmimi araşdırmadan çox öz ağlına görə bu həqiqəti əsassız etməyə yönəlir. Məsələn: “Əgər hər şey görüntüdürsə, nə üçün ibadətlərimizi yerinə yetirək?” -deyə sual verənlər verdikləri sualın nə qədər mənasız olduğunu dərk etmirlər. Bir insanın görüntü kimi yaradılması nə üçün onun namaz qılmasına mane olsun və ya bir yeməyin görüntü olması nə üçün onun haram olmasına mane olsun, bunu düşünmədən, sadəcə etiraz etmək üçün bu sualları verirlər. Tək məqsədləri heç bir məntiq olmadan, sadəcə qarşı çıxmaq, doğru olanları qəbul etməmək və inadkarlıq etməkdir.
Möminlər isə həqiqətləri gördükdə heç mübahisə etmədən, Quranda da bildirildiyi kimi: “Eşitdik və itaət etdik”, -deyərək dərhal qəbul edir və əməl edirlər. Onlara mübahisəçilərin verdiyi suallara isə onlarla mübahisə etmədən, qəti və açıq cavablar verirlər. Allah mübahisə edənlərə möminlərin belə cavab vermələrini bildirmişdir:
“Siz Allah barəsində bizimlə mübahisəmi edirsiniz? Halbuki, O, həm bizim, həm də sizin Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Ona sadiq olan bizik!” (Bəqərə surəsi, 139)
Möminlərlə mübahisə edənlər, qədəri və Allah`ın tək mütləq varlıq olduğunu, özlərinin isə Allah`a aid bir varlıq olduqlarını inkar edərək çox açıq həqiqətlər barədə özlərini bilməməzliyə qoyanlar, məntiqsiz suallarla cənnət və cəhənnəmin varlığını, Allah`ın mərhəmətini və ədalətini öz zəif ağılları ilə sorğu-sual edənlər bunu çox yaxşı anlamalıdırlar: bu mübahisələrinə cəhənnəmdə də davam edəcəklər. Quran ayələrində cəhənnəm əhlinin davamlı olaraq mübahisə edib çəkişəcəklərini xəbər verilmişdir:
Onlar orada çənə-boğaz olub deyərlər: “Allah`a and olsun ki, biz açıq-aydın azmışdıq!” (Şüəra surəsi, 96-97)
O zaman onlar od içində bir-biri ilə çənə-boğaz olacaq, acizlər təkəbbür göstərənlərə deyəcəklər: “Biz sizə tabe idik. İndi siz cəhənnəm odunun bir hissəsini bizdən dəf edə bilərsinizmi?!” Təkəbbür göstərənlər deyəcəklər: “Biz hamımız atəşin içindəyik. Allah artıq Öz bəndələri arasında hökmünü vermişdir!” (Mumin surəsi, 47-48)
Yuxarıdakı ayələrdən də göründüyü kimi, inkar edənlər atəşin içində olarkən də mübahisəyə davam edəcəklər. Başqa ayələrdə də inkarçıların möminlərlə mübahisə etməyə çalışdıqlarını və belə dediklərini Allah bildirir:
Onlar deyəcəklər: “Ey Rəbbimiz! Buna bizi kim uğradıbsa, onun əzabını cəhənnəmdə ikiqat elə!” Deyəcəklər: “Pis adamlar saydığımız kəsləri niyə burda görmürük? Biz onları məsxərəyə qoyurduq. Yoxsa onlar gözə dəymirlər?!” Şübhəsiz ki, bu - cəhənnəm əhlinin bir-biri ilə bu cür çəkişməsi bir həqiqətdir! (Sad surəsi, 61-64)
Cəhənnəm əhli cəhənnəmin dar və sıx yerlərində dəmir qamçılarla, üzərlərinə tökülən qaynar su ilə oddan dəriləri əriyərkən yenə mübahisə etməyə davam edəcəklər. Nəticəsiz mübahisələri heç bitməyəcək, özlərinin nə üçün əzab çəkdiyini bir-birlərindən soruşacaqlar, Allah və möminlər haqqında mübahisə etməkdə davam edəcəklər:
Bunlar Rəbbi barəsində mübahisə aparan iki zümrədir. Onu inkar edənlər üçün atəşdən paltar biçilmişdir; başlarına da qaynar su tökülür. O su ilə qarınlarında olanlar və dəriləri əridilmişdir. Hələ onlar üçün dəmir qamçılar da vardır. Oradan çıxmaq istədikcə, yenidən ora qaytarılar və (onlara:) “Dadın atəşin əzabını!” (deyilər). (Həcc surəsi, 19-22)
Ancaq bu mübahisələrdən də heç bir nəticə əldə etməyəcəklər. Dünyada həqiqətlər haqqında özlərini bilməməzliyə qoyaraq mübahisə edən inkarçılar, Allah`ın istəyi xaricində, sonsuzluğa qədər davam edəcək cəhənnəm əzabı içində, faydası olmayan peşmançılıqla mübahisə edərək yaşayacaqlar.
Cəhənnəm əhlinin cəhənnəmdə də mübahisələrinə davam etməsi onların cəhənnəm atəşini gördükdə belə iman gətirməyəcəklərinin, mübahisələrə davam edərək həqiqətləri anlamayacaqlarının göstəricisidir. Bu insanlar cəhənnəm əzabının içində ikən belə inkarlarına davam edirlər:
Od içində olanlar cəhənnəm gözətçilərinə dedilər: “Rəbbinizə dua edin ki, heç olmasa, bircə gün əzabımızı yüngülləşdirsin!” (Cəhənnəm gözətçiləri) dedilər: “Məgər sizə öz peyğəmbərləriniz açıq-aşkar möcüzələr gətirməmişdilər?” Onlar: “Bəli”, - deyə cavab verdilər. (Cəhənnəm gözətçiləri onlara: ) “Elə isə özünüz dua edin!” - dedilər. Kafirlərin duası isə boşunadır. (Mumin surəsi, 49-50)
Cəhənnəm atəşinin içində olarkən də: “Rəbbim”, -deyərək dua etməyən və təkəbbür göstərməkdə davam edən bu insanların sahib olduqları davranış və əxlaqi pozuntu ortadadır. Bu insanlara bütün nümunələr verilsə də, bütün dəlillər göstərilsə də, anlamazlar. Allah bir ayəsində bəzi insanların inanmayacaqlarını belə bildirir:
Allah`a ürəkdən and içdilər ki, əgər onlara bir ayə gəlsə, ona mütləq inanacaqlar. De: “Ayələr ancaq Allah`ın qatındadır. Onlara ayə gəldikdə yenə də iman gətirməyəcəklərini dərk etmirsiniz?!” (Ənam surəsi, 109)
Buna görə, bəzi insanların burada izah edilən həqiqətləri çox açıq və anlaşılan olmasına baxmayaraq, anlamamaqlarına təəccüblənmək lazım deyil. Bu insanların həqiqətlər qarşısında boyun əyməməkləri də Allah`ın bir ayəsidir.