Həyatımız boyu aldığımız təlqinlə bütün dünyanı gözlərimizlə gördüyümüzü zənn edirik. Hətta: “Gözlərimiz dünyaya açılan pəncərədir”, - deyə bilərik. Əslində isə, görmənin elmi açıqlamasına əsasən, həqiqət belə deyil, çünki biz gözlərimizlə görmürük. Gözlərimiz və gözlərimizə bağlı olan milyonlarla sinir hüceyrəmiz sadəcə görmə hadisəsinin həyata keçməsi üçün beyinə mesaj yollayan kabel vəzifəsini daşıyır. Görmə hadisəsinin necə həyata keçdiyini orta məktəb biliklərimizdən xatırlasaq, bu həqiqəti daha asan başa düşərik. Bir cisimdən gələn işıq göz büllurundan keçir və gözün arxa tərəfindəki torlu qişanın üzərinə başı aşağı və iki ölçülü görüntü salır. Torlu qişadakı çöpcüklər və kolbacıqlar bəzi kimyəvi proseslərdən sonra bu görüntünü elektrik siqnalına çevirirlər. Bu elektrik axınları göz sinirləri vasitəsilə beyinin arxa tərəfindəki görmə mərkəzinə ötürülür. Beyin isə gələn bu siqnalı aydın və üç ölçülü görüntülərə çevirir. Məsələn, biz parkda oynayan uşaqlara tamaşa edəndə bu uşaqları və parkı gözlərimizlə görmürük, çünki bu mənzərəyə aid görüntü gözümüzün önündə deyil, beynimizin arxa tərəfində əmələ gəlir. Burada çox səthi şəkildə izah etdiyimiz görmə prosesi, əslində, çox mürəkkəbdir. İşıq şüaları bir anda və qüsursuz şəkildə elektrik siqnallarına çevrilir və sonra bu elektrik siqnalları üç ölçülü, rəngarəng, parlaq dünya şəklində bizə görünür. “Göz və beyin” kitabının müəllifi R.L.Qreqori bunun fərqinə varmış şəxslərdən biri kimi görmə sistemindəki möhtəşəm quruluşu belə ifadə edir:
Gözlərimizə kiçik, başı aşağı görüntülər verilir və biz ətrafımızda bunları sağlam cisimlər kimi görürük. Tor qişanın üzərindəki siqnallar nəticəsində cisimlər dünyasını qavrayırıq və əslində, bunun bir möcüzədən fərqi yoxdur.2
Bütün bunlar bizi daima eyni həqiqətə aparır: biz həyatımız boyu dünyanı bizim xaricimizdə zənn edirik. Əslində isə, dünya hər şeyi ilə birlikdə bizim içimizdədir. Biz xaricimizdə hesab etdiyimiz dünyanı içimizdə, beynimizdəki kiçik nöqtədə görürük. Məsələn, bir şirkət rəhbəri şirkətin binasının, şəhərin kənarındakı fabrikinin, avtoparkdakı avtomobilinin, dəniz sahilindəki evinin, limandakı yaxtasının, tabeçiliyində işləyən yüzlərlə insanın, vəkillərinin, ailəsinin, dostlarının daima öz bədənindən xaricdə olan varlıqları ilə təmasda olduğunu düşünür. Lakin bunların hamısının sadəcə onun kəllə sümüyünün içində, beyninin arxa tərəfindəki kiçik bölgədə əmələ gələn görüntüləri ilə təmasdadır. Xarici aləmdəki əsillərinin necə olduğunu isə heç vaxt bilə bilməz. Sözügedən şəxs bu həqiqəti bilmir, bilsə də, düşünmək istəməz. Ancaq son model avtomobili ilə gəldiyi şirkətinin qarşısında qürurla dayanarkən əsən mehlə gözünə toz düşsə, bu həqiqəti o dəqiqə anlayar. Toz düşdüyü üçün qaşınan sağ gözünü gözü açıq ikən yüngülcə qaşıdıqda şirkət binasının yuxarı-aşağı və ya sağa-sola doğru gedib-gəldiyini görəcəkdir. Elə bu zaman düşünən insan gördüyü görüntünün xarici aləmdəki sabit varlıq olmadığını anlayar. Çünki gözünü qaşıması ilə görüntü gedib-gəlir.
Beləliklə, bu, bir həqiqətdir ki, hər insan həyatı boyu gördüyü hər şeyi beynində görür və heç bir zaman gördüklərinin əsilləri ilə təmasda ola bilmir. Gördükləri xarici aləmdə mövcud olan görüntülərin beynində əmələ gələn surətidir. Bu surətin əslinin necə olduğu isə bizə məlum deyil.
Materialist olmasına baxmayaraq, alman psixiatr və nevrologiya professoru Hoymar Von Ditfurt bu elmi həqiqət haqqında bunları söyləyir:
Arqumentlərimizin hərəkətverici qolunu hara yerləşdirsək də, nəticə dəyişmir: əti-sümüyü ilə qarşımızda duran, gözümüzün gördüyü şey dünya deyil, sadəcə onun xəyalıdır, bir bənzəridir, orijinalı ilə nə qədər üst-üstə düşdüyü mübahisəlidir.3
Məsələn, hal-hazırda başınızı qaldırıb içində olduğunuz otağa baxdıqda gördüyünüz sizin xaricinizdəki otaq deyil. Siz otağın beyninizin içində əmələ gələn xəyali görüntüsünü görürsünüz və heç bir zaman bu otağın əslini duyğu orqanlarınız vasitəsilə görməyiniz mümkün deyil.