Avtomobillər, siqnal səsləri, mağazalar, binalar... Bir küçəyə baxdıqda qarşılaşdığınız bu mənzərə sizə çox aydın, çox həqiqi görünür. Ona görə, insanların böyük bir qismi gördükləri bu mənzərənin beyinlərində əmələ gəldiyini qavraya bilmirlər, hamısının əslini gördüklərini zənn edərək yanılırlar. Bu mənzərə o qədər mükəmməl şəkildə yaradılmışdır ki, insanın bunun xarici aləmin əsli olmadığını, sadəcə öz zehnində yaşadığı surət olduğunu anlaması mümkün deyil.
Görüntünü bu qədər inandırıcı və təsirli edən şeylər isə məsafə, dərinlik, rəng, kölgə, işıq kimi ünsürlərdir. Bu xam maddələrdən o qədər qüsursuz şəkildə istifadə edilmişdir ki, beynimizdə üç ölçülü, rəngli və canlı görüntü halına gəlirlər. Sonsuz sayda təfərrüat bu görüntüyə əlavə edildikdə ortaya heç fərqinə varmadan bütün ömür boyu həqiqi zənn edərək içində yaşadığımız və sadəcə zehnimizdə təmasda olduğumuz dünya çıxır.
İndi özünüzü avtomobil sürərkən təsəvvür edin. Avtomobilin rolunu özünüzdən bir qol məsafədə, küçə işıqlarını isə bir neçə yüz metr qarşıda görürsünüz. Qarşınızdakı avtomobil ilə aranızda təxminən 10 metr məsafə var. Üfüqdə görünən dağlar isə kilometrlərlə uzaqdadırlar. Ancaq bu təxminlərinizin hamısı səhvdir! Nə dağlar, nə də qarşınızdakı avtomobil o qədər uzaqda deyil. Bütün bu görüntülər bir film pərdəsi kimi beyninizdə tək bir səthdə, iki ölçülü şəkildə yerləşir. Bəs onda bu məsafə və dərinlik hissi necə əmələ gəlir?
Məsafə dediyimiz hiss bir növ üç ölçülü görmə formasıdır. Görüntülərdə məsafə və dərinlik hissini yaradan şeylər isə perspektiv, kölgə və hərəkət dediyimiz ünsürlərdir. Optika elmində məkan (space) hissi deyilən bu hiss forması çox qarışıq sistemlərlə təmin olunur. Bu sistemi ən asan yolla belə izah edə bilərik: əslində, gözümüzə gələn görüntü sadəcə iki ölçülüdür. Yəni hündürlük və en ölçülərinə malikdir. Göz bülluruna gələn görüntülərin ölçüləri və iki gözün eyni anda iki fərqli görüntü görməsi dərinlik və məsafə hissini əmələ gətirir. Bizim hər bir gözümüzə düşən görüntü digər gözə gələn görüntüdən bucaq, işıq kimi ünsürlər baxımından fərqlənir. Beyin bu iki fərqli görüntünü vahid rəsm halına salaraq dərinlik və məsafə hissini əmələ gətirir.
Bunu daha yaxşı anlamaq üçün bir təcrübə keçirə bilərik. Əvvəlcə, sağ qolunuzu bacardıqca irəli uzadın və şəhadət barmağınızı qaldırın. İndi gözlərinizi barmağınıza zilləyərək növbə ilə sağ və sol gözlərinizi yumub açın. İki gözə fərqli iki görüntü gəldiyi üçün barmağın bir az yerini dəyişdirdiyini və ya sürüşdüyünü görəcəksiniz. İndi iki gözünüzü də açaraq sağ şəhadət barmağına zilləyərkən sol əlinizin şəhadət barmağını mümkün olduğu qədər gözlərinizə yaxınlaşdırın. Yaxındakı barmağın cüt görüntü əmələ gətirdiyini görəcəksiniz, bu isə duyğu sistemində uzaqdakı barmaqdan fərqli dərinlik hissi əmələ gəlməsinə görədir. İndi bu vəziyyətdə ikən gözlərinizi növbə ilə yumub-açsanız, yaxındakı barmağın daha çox yer dəyişdirdiyini görəcəksiniz, çünki iki gözə düşən görüntülərin fərqi artmışdır.
Üç ölçülü film çəkilərkən də bu üsuldan istifadə edilir; iki müxtəlif bucaqdan çəkilən görüntü eyni ekran üzərində əks etdirilir. Tamaşaçılar rəng filtri və ya polyarlaşdırıcı filtrli eynəklər taxırlar. Eynəyin şüşəsindəki filtrlər iki görüntüdən birini tutur, beyin bunları birləşdirib üç ölçülü görüntü halına salır.
İki ölçülü tor qişada dərinlik hissinin əmələ gəlməsi iki ölçülü rəsm kanvasında həqiqi dərinlik hissi yaratmağa çalışan rəssamların istifadə etdiyi üsula çox bənzəyir. Dərinlik hissini əmələ gətirən bəzi vacib ünsürlər var. Bunlar cisimlərin üst-üstə yerləşməsi, atmosfer perspektivi, tekstura dəyişikliyi, xətti perspektiv ölçü, yüksəklik və hərəkətdir. Tekstura dəyişikliyi dərinlik hissinin əmələ gətirilməsində son dərəcə vacibdir. Üzərində gəzdiyimiz səth, məsələn, yol və ya çiçəklərlə dolu çöl, əslində, bir teksturadır. Bizə yaxın olan teksturalar daha hərtərəfli, uzaqdakılar isə daha tutqun görünür. Ona görə, tekstura üzərində yerləşdirilən cisimlərin məsafəsi haqqında mühakimə yürütmək çox asandır. Bundan başqa, burada kölgə və işıq ünsürləri də birlikdə üç ölçülü görüntünü tamamlayır.
Belə ki, qabiliyyətli rəssamların çəkdiyi rəsmlərə heyranlıqla baxmağımızın səbəbi kölgə və perspektiv ünsürlərindən istifadə edərək rəsmə verdikləri dərinlik və canlılıq hissidir.
Perspektiv uzaqdakı şeylərin müşahidəçiyə görə yaxındakı şeylərə nisbətən daha kiçik görünməsindən irəli gəlir. Məsələn, bir mənzərə rəsminə baxdıqda uzaqdakı ağaclar kiçik, yaxındakı ağaclar böyük görünür və ya arxa plandakı dağ rəsmi ön plandakı insan rəsmindən daha kiçik çəkilir. Xətti perspektivdə isə rəssamlar paralel xətlərdən istifadə edirlər. Məsələn, qatar relsləri üfüq xəttində birləşərək məsafə və dərinlik hissini əmələ gətirirlər.
Rəssamların rəsmlərində istifadə etdikləri üsul beynimizdə meydana gələn görüntüyə də aiddir. Beynimizdəki iki ölçülü məkanda dərinlik, işıq, kölgə eyni üsulla meydana gəlir. Bir görüntüdə təfərrüatlar, yəni işıq, kölgə və ölçülər nə qədər hərtərəflidirsə, o görüntü o qədər həqiqi olur və hisslərimizi aldadır. Beləliklə, biz üçüncü ölçü olan dərinlik və məsafə varmış kimi hərəkət edirik. Halbuki, gördüyümüz bütün görüntülər film kadrı kimi tək bir səth üzərindədir. Beynimizdəki görmə mərkəzi son dərəcə kiçikdir! Bütün o uzaq məsafələr, uzaqdakı evlər, göydəki ulduzlar, Ay, Günəş, havada uçan təyyarələr, quşlar kimi görüntülər bu kiçik məkana sığışdırılır. Yəni sizin baxıb minlərlə kilometr yuxarıda dediyiniz təyyarə ilə əlinizi uzadaraq tuta bildiyiniz stəkan arasında texniki bir məsafə yoxdur, hamısı beyninizdəki qavrama mərkəzində tək bir səth üzərindədir.
Məsələn, üfüqdə gözdən itməkdə olan gəmi, əslində, sizdən kilometrlərlə uzaqda deyil. Gəmi sizin beyninizin içindədir. Baxdığınız pəncərənin çərçivəsi, pəncərənin qarşısındakı qovaq ağacı, evinizin qarşısından keçən yol, dəniz və dənizdə hərəkət edən gəmi də daxil olmaqla, beyninizdəki görmə mərkəzində, yəni iki ölçülü məkanda əmələ gəlir. Bir rəssam böyüklük və kiçiklik kimi nisbətləri, rəng, kölgə və işıq kimi xam maddələrdən və perspektivdən istifadə edərək uzaqlıq hissini iki ölçülü rəsmdə necə göstərə bilirsə, bizim beynimizdə də buna bənzər şəkildə uzaqlıq hissi olur. Nəticədə, gördüklərimizi özümüzdən uzaqda imiş kimi qavramağımız, gördüklərimizlə aramızda bir məsafə olması bizi yanıltmalı deyil. Çünki məsafə də digərləri kimi bir hissdir.