Bu açıq həqiqəti anlayan bəzi insanların -öz ifadələri ilə desək- əhvalı pozulur. Fabriklərinin, evlərinin, avtomobillərinin, mallarının, övladlarının, həyat yoldaşlarının, yaxınlarının, vəzifələrinin sadəcə beyinlərindəki surətləri ilə təmasda olduqlarını anladıqda Allah qarşısındakı acizlikləri və gücsüzlükləri də açıq şəkildə sübut edilmiş olur. Həm özləri, həm malik olduqları şeylər, hətta bütün kainat xəyaldır, özləri də bir heç olduqlarını anlayırlar. Yerdə qalan isə sadəcə "mən" dedikləri ruhlarıdır. Bu ruhu da onlara verən Allah olduğu üçün bu şəxs əvvəlcədən imansız da olsa, qəti şəkildə Allah`a iman edir və Ona təslim olur.
İnsan bu həqiqətləri qavradıqda qürur, lovğalıq, təkəbbür hisslərinin yerini təvazökarlıq və acizliyini çox yaxşı anlama hissi alır. Belə bir insana dünyanın bütün zənginliyi, ən mühüm vəzifəsi də verilsə, bu insan azğınlaşmaz və lovğalanıb zalım olmaz. Heç bir vaxt Allah`ın ona göstərdiyi görüntülərə baxdığını unutmaz və xəyalların içinə dalmaz. Bu fövqəladə həqiqət həvəs, lovğalıq və əzəmətlə yanaşı kin, nifrət, əsəb kimi mənfi hissləri də aradan qaldırar. Hər şeyin xəyal olduğunu bilən insanlar xəyallar üçün bir-birləri ilə rəqabətə girməz, başqalarına qarşı kin bəsləməz və düşmənlik etməzlər. Hər kəsin özünü sadəcə Allah`a təslim etdiyi mühitdə təvazökarlıq, təslimiyyət, şəfqət, hörmət, sevgi və səmimiyyət əmələ gələr.
Buna görə də, insanların bu həqiqəti anlamaq istəməməyi, bu həqiqətdən qorxub qaçmağı çox məntiqsizdir. İmansız insanı bu həqiqətlər qorxuda bilər. Çünki bu həqiqətləri qəbul etdikdə Allah`ın varlığını da qəbul edəcəkdir. Ancaq imanlı insanlar maddənin zehində Allah`ın yaşatdığı xəyali görüntü olduğuna, tək mütləq varlığın isə Allah olduğu həqiqətinə böyük sevinc və əminliklə inanmalıdırlar. İmanlı insanın Allah`ın bu möhtəşəm sənətindən qorxaraq bunu anlamaq istəməməyi ağılsız davranış olar. Çünki həqiqət açıq-aşkar ortada ikən ağıla gətirməyərək, düşünməyərək, kölgə görüntünün aydınlığına və üç ölçülü formasına aldanmağa davam etmək mənasızdır. Mömin həqiqətlərdən qorxmaz, həqiqətin gözəlliyini və dərinliyini, Allah`ın qüsursuz sənətinin bu sistem içərisində necə daha da möcüzəvi hala gəldiyini düşünər.