logo

Materializmin qarşılaşdığı ən əsas müəmmalardan biri: insan şüuru

Materialist fəlsəfə insan şüurunu, yəni insanın ruhuna aid xüsusiyyətlərin mənbəyini əsla açıqlaya bilməz. Çünki materialist fəlsəfədə ancaq maddənin varlığına inanılır. İnsanın ruhuna aid şüur, düşünmə, qərar vermə, sevinmə, həyəcanlanma, darıxma, zövq alma, şənlənmə, mühakimə və rəy söyləmə kimi xüsusiyyətlər heç bir maddi anlayışla açıqlana bilməz. Materialistlər bu mövzuya: “İnsan şüuru beyinin fəaliyyətlərinin məhsuludur”, - deyərək məsələdən yayınmağa çalışırlar. Bu materialist elm adamlarından biri olan Fransis Krik sözügedən materialist iddianı belə izah edir:

Sevincimiz, kədərimiz, xatirələrimiz və istəklərimiz, şəxsiyyətinizlə bağlı hissləriniz və iradəniz, əslində, çoxlu sayda sinir hüceyrəsinin və onlara bağlı molekulların birlikdə həyata keçirdiyi hərəkətlərdən başqa bir şey deyil.28

Əslində isə, bu, nə elmi, nə də məntiqi cəhətdən müdafiə ediləcək iddia deyil. Materialistləri insan ruhuna aid xüsusiyyətlərə belə bir açıqlama verməyə məcbur edən onların maddəçi rəyləridir. Maddənin fövqündə bir varlığın mövcud olması həqiqətini qəbul etməmək üçün insan zehnini maddəyə sadələşdirməyə çalışır və bu məqsədlə ağıl və məntiqə uyğun olmayan iddialara üz tuturlar. Elmi yazıçı Con Horqan sadələşdirmə adlandırılan materialist düşüncəyə bağlı olmasına baxmayaraq, Fransis Krikin bu iddiasının qəbul edilməz olduğunu və üzləşdiyi ziddiyyəti belə etiraf edir:

Bir tərəfdən Krik haqlıdır. Biz neyron torbasından başqa bir şey deyilik. Eyni zamanda, necə də qəribədir ki, nevrologiyanın kifayət etmədiyi məlum oldu. Ağılı neyronlarla açıqlamaq onu kvark və elektronlarla açıqlamaqdan daha çox anlayış və fayda gətirmədi. Bir çox alternativ sadələşdirmə (reductionism) var. “Biz xüsusi gen paketindən başqa bir şey deyilik”. “Biz təbii seçmə ilə formalaşan uyğunlaşmalardan başqa bir şey deyilik”. “Biz fərqli sahələr üçün ayrılmış kompyuter makinalarından başqa bir şey deyilik”. Krikin iddiasına bənzəyən bu fikirlərin hamısını müdafiə etmək olar, ancaq heç biri kifayət etmir.29

Bu açıqlamaların, əlbəttə, hamısı qeyri-kafidir, hətta tamamilə məntiqsizdir. Ən qatı materialistlər belə bu həqiqəti, əslində, çox yaxşı anlayırlar. Belə ki, Darvinin ən yaxın dəstəkləyəni kimi tanınan materialist Tomas Haksli də: “Şüur kimi bu qədər fövqəladə bir şey necə olub sinir toxumalarının bir-birilə qarşılıqlı təsirindən meydana gəlmişdir? Bu, Ələddinin lampasını əli ilə sürtdükdə içindən cinin çıxması qədər izah edilməzdir”, - deyərək şüurun neyronlararası əlaqə ilə açıqlanmasının mümkün olmadığını ifadə etmişdir.30

Hakslidən dövrümüzə qədər insan şüurunun neyronlarla açıqlanmasının mümkünsüzlüyü həqiqəti dəyişməmişdir. Ancaq bunun səbəbi elmin bu sahədəki yeni tapıntılarının kifayət olmadığından irəli gəlmir. Əksinə, nevrologiya sahəsində XX əsrin xüsusilə sonlarında çoxlu irəliləyişlər baş vermiş, bir çox qaranlıq cəhət aydınlığa çıxmışdır. Ancaq bunlar insan şüurunun əsla maddəyə sadələşmədiyini, maddənin fövqündə bir həqiqətin axtarılmalı olduğunu ortaya qoyan elmi fəaliyyətlərdir. Belə ki, Almaniyanın qabaqcıl darvinist-materialist yazıçılarından biri olan Hoymar Von Ditfurs qəbul etdikləri üsul ilə şüurun açıqlanmasının mümkün olmadığını belə etiraf edir:

İzlədiyimiz təbiət tarixi və genetik irəliləyiş yolunda şüurun, ruhun, zəkanın və duyğunun nə olduğuna dair cavab verə bilmədiyimiz gün kimi aydındır. Çünki psixi-zehni ölçü ən azından bu dünyada, bu anda təkamülün gəlib çatdığı ən son həddir. Ona görə də təkamülün sonrakı mərhələ və pillələrinə yenə şüurumuzun köməyi ilə kənardan, onların üstünə çıxaraq baxa bildiyimiz halda şüurun (ruhun) özünə belə bir yaxınlaşma imkanından məhrumuq. Çünki əlimizdə şüurun özündən daha çox inkişaf etmiş yuxarı pillə yoxdur.31

Amerikalı fəlsəfə və riyaziyyat elmləri doktoru Uilyam A. Dembski “Converting matter into mind” (“Maddəni zehnə çevirmək”) adlı məqaləsində insan beynindəki neyronların biokimyəvi prosesinin başa düşüldüyünü və bunun hansı zehni fəaliyyətlərlə bağlı olduğunun müəyyən edildiyini, ancaq qərar vermək, istəmək, fikir yürütmək kimi xüsusiyyətlərin maddəyə sadələşmədiyini və şüuru araşdıran mütəxəssislərin bu sadələşmənin xətasını gördüyünü belə yazır:

... Şüuru öyrənən alimlərin bu faktı (şüuru) nevroloji səviyyədə anlamaq ümidindən artıq əl çəkdikləri görünür... Materializmə olan bağlılıq davam etsə də, insan ağlını neyron səviyyəsində açıqlamaq ümidi artıq ciddi düşüncə deyil...32

Şüurun materialist düşüncə tərzi ilə açıqlanması, elm inkişaf etsə də, mümkün deyil. Çünki beyin haqqında məlumat əldə edildikcə zehnin maddəyə sadələşmədiyi bir o qədər ortaya çıxır. Materialistlər insan şüurunu, həqiqətən, qavramaq istəyirlərsə, öz yanlış düşüncələrindən əl çəkərək düşünməli və araşdırmalıdırlar. Çünki şüurun həqiqi mənasını maddə ilə açıqlamaq mümkün deyil. Şüur Allah`ın insanlara verdiyi ruhun funksiyasıdır.