Zamanın hərəkət edən cisimlər və meydana gələn dəyişikliklər arasında apardığımız müəyyən ardıcıllıqdan əmələ gələn anlayış olması həqiqəti bu gün elmi cəhətdən də qəbul edilmişdir. Bu barədə fikir bildirən mütəfəkkir və elm adamlarından nümunələr verərək mövzunu daha yaxşı açıqlamağa çalışaq.
“The end of time” (zamanın sonu) adlı kitabında zamansızlıq və sonsuzluq haqqında açıqlamaları ilə elm dünyasında böyük əks-səda doğuran fizik Culian Barbur zamanın hiss olmasının bir çox insan üçün qəbul edilməsi çətin olan həqiqət olduğunu bildirir. “Discover” jurnalında Barbur ilə aparılan müsahibədə zaman hissi haqqında onun şərhləri verilir:
“Mən hələ qəbul etməkdə çətinlik çəkirəm”, - deyir (Barbur). Ancaq qabaqcadan kainatı anlamaq üçün heç bir zaman etibarlı yol göstərici olmamışdır. Kopernik Günəşin Yerin ətrafında dönmədiyini ilk dəfə söylədiyindən bəri fiziklər hisslərimizi çaşdırdılar. Buna baxmayaraq, Yer 67000 mil/saat sürətlə boşluqda fırlanarkən ən kiçik hərəkəti belə hiss etmirik. Barbur zamanın keçdiyinə dair hissimizin “Düz Dünya Cəmiyyətinin” (Flat Earth Society) batil inancı qədər səhv olduğunu iddia edir.40
Yuxarıda da göründüyü kimi, məşhur fizik Barbur zamanın mütləq varlıq olduğuna dair sahib olduğumuz inancın batil olduğunu bildirir və dövrümüzdə fizika sahəsindəki tədqiqatlar bu həqiqəti açıq şəkildə göstərir. Zaman mütləq deyil, meydana gələn hadisələrə görə fərqli qavranan nisbi məfhumdur.
Nobel mükafatı almış məşhur genetika professoru F. Yakov isə “Mümkünlərin oyunu” adlı kitabında zamanın geriyə axını ilə bağlı bunları danışır:
Kadrı geriyə doğru fırladaraq göstərilən filmlər zamanın geriyə axdığı bir dünyanın nəyə bənzəyəcəyini təsəvvür etməyimizə imkan verir. Südün fincandakı qəhvədən ayrıldığı və süd qabına geri tökülmək üçün havaya qalxdığı bir dünya; saysız damlaların heyrətamiz şəkildə iş birliyi ilə sudan kənara atılan daşın insanın ovcuna qayıtmaq üçün maili xətt boyu tullandığı dünya. Amma zamanın geriyə axdığı belə bir dünyada beynimizin prosesləri və hafizəmizin əmələ gəlməsi də eyni şəkildə tərsinə çevrilmiş olacaqdır. Keçmiş və gələcək üçün də eyni şey olar və dünya tamamilə bizə göründüyü kimi görünər.41
Beynimiz müəyyən ardıcıllıq üsuluna əsasən işlədiyi üçün hal-hazırda dünya yuxarıda izah edildiyi kimi işləmir və zamanın daim irəliyə doğru axdığını düşünürük. Əslində isə, bu, beynimizin içində verilən qərardır və ona görə, bizim üçün tamamilə izafidir. Əgər hafizəmizdəki məlumatlar geriyə doğru fırlanan filmlərdəki kadrlar kimi düzülərsə, zamanın axını da bizim üçün geriyə doğru fırladılan filmlərdəki kimi olacaqdır. Belə vəziyyətdə keçmişi gələcək, gələcəyi də keçmiş kimi qavramağa başlayar, həyatı indiki nizamının tamamilə tərsinə olan nizamda yaşayardıq.
Əslində isə, zamanın necə axdığını, ya da axıb-axmadığını əsla bilə bilmərik. Bu da zamanın mütləq həqiqət olmadığını, sadəcə qavrayış forması olduğunu göstərir.
Zamanın hiss olması XX əsrin ən böyük fiziki hesab edilən Eynşteynin ortaya qoyduğu ümumi nisbilik nəzəriyyəsi də təsdiq etmişdir. Linkoln Barnet “Kainat və Eynşteyn” adlı kitabında bu barədə aşağıdakıları yazır:
Hüdudsuz kosmosla birlikdə Eynşteyn sonsuz keçmişdən sonsuz gələcəyə axan səhv etməyən və dəyişməyən ümumdünya zaman anlayışını da bir kənara qoydu. Nisbilik nəzəriyyəsini əhatə edən anlaşılmazlığın böyük hissəsi insanların zaman duyğusunun da rəng duyğusu kimi qavrama forması olduğunu qəbul etmək istəməməyindən doğur... Necə ki, kosmos maddi varlıqların mümkün olan ardıcıllığıdırsa, zaman da hadisələrin mümkün olan ardıcıllığıdır. Zamanın subyektivliyini Eynşteynin sözləri daha yaxşı açıqlayır: “Fərdin yaşadıqları bizə hadisələrin ardıcıllığında sıralanmış kimi görünür. Bu ardıcıllıqdan xatırladığımız hadisələr “daha əvvəl” və “daha sonra” ölçüsünə görə sıralanmışdır. Bu səbəbdən, fərd üçün mən-zamanı, ya da subyektiv zaman var. Bu zaman öz-özlüyündə ölçülə bilməz. Hadisələrlə saylar arasında elə bir əlaqə qura bilərəm ki, böyük say əvvəlki hadisə ilə deyil, sonrakı hadisə ilə əlaqədar olar”.42
Eynşteynin bu sözlərindən zamanın irəliyə doğru axması fikrinin tamamilə şərt olduğu başa düşülür.
Eynşteyn Barnetin ifadələri ilə “kosmos və zamanın da duyğu formaları olduğunu, rəng, forma və böyüklük anlayışları kimi, bunların da şüurdan ayrılmaz olduğunu göstərmiş”dir.43
Ümumi nisbilik nəzəriyyəsinə görə, “zaman mütləq deyil, onu ölçdüyümüz hadisələr ardıcıllığından ayrı, müstəqil bir varlığı yoxdur”.
Yuxularımız zamanın nisbiliyinin başa düşülməsi baxımından olduqca əhəmiyyətlidir. Biz yuxuda günlərlə davam etdiyini düşündüyümüz hadisələri yaşayarkən, əslində, sadəcə bir neçə dəqiqə, hətta bir neçə saniyə davam edən yuxu görürük.
Mövzunu bir az da açıqlamaq üçün belə bir nümunə üzərində düşünək. Xüsusi dizayn edilmiş tək pəncərəli otaqda oturub burada müəyyən vaxt keçirdiyimizi düşünək. Otaqda keçən zamanı görməyimiz üçün bir dənə də saat olsun. Eyni zamanda, otağın pəncərəsindən günəşin müəyyən fasilələrlə doğub-batdığını görək. Aradan bir neçə gün keçdikdən sonra o otaqda nə qədər qaldığımızı soruşsalar, verəcəyimiz cavab həm müəyyən vaxtlarda saata baxaraq əldə etdiyimiz məlumat, həm də günəşin neçə dəfə doğub-batdığına əsasən apardığımız hesablama olacaqdır. Məsələn, otaqda üç gün qaldığımızı hesablamışıq. Amma əgər bizi bu otağa qoyan şəxs gəlib bizə: “Əslində, sən bu otaqda iki gün qalmısan”, -desə və pəncərədə gördüyümüz günəşin süni şəkildə əmələ gətirildiyini, otaqdakı saatın da xüsusi sürətlə hərəkət etdiyini söyləsə, bu vəziyyətdə apardığımız hesablamanın heç bir mənası qalmır.
Bu misal da göstərir ki, zamanın axma sürəti ilə məlumatımız sadəcə qavrayana görə dəyişən fikirlərə əsaslanır.
Fərqli şərtlər altında insanların eyni zaman kəsiyini daha uzun və ya daha qısa qavramaları da bunun nümunəsidir. Məsələn, əməliyyatdakı qardaşının çıxmasını gözləyən insana bir saatlıq müddət aradan saatlar keçmiş kimi uzun gəlir. Ancaq eyni şəxs çox xoşladığı işi görərkən bir saatın necə keçdiyini anlamaz. Eynşteynin ümumi nisbilik nəzəriyyəsinin elmi cəhətdən ortaya qoyduğu həqiqət budur: zamanın sürəti cismin sürətinə və cazibə mərkəzinə olan uzaqlığına görə dəyişir. Sürət artdıqca zaman qısalır, daralır; daha ağır, daha yavaş işləyərək sanki dayanma nöqtəsinə yaxınlaşır.
Bunu Eynşteynin misalı ilə açıqlayaq. Bu misala görə, əkiz qardaşlardan biri Yerdə yaşayır, digəri isə işıq sürətinə yaxın sürətlə kosmik səyahətə çıxır. Kosmosa çıxan şəxs geri qayıtdıqda əkiz qardaşını ondan daha yaşlı görəcəkdir. Bunun səbəbi kosmosda səyahət edən qardaş üçün zamanın daha yavaş axmasıdır. Eyni misal işıq sürətinin 99%-nə yaxın sürətlə hərəkət edən raketlə kosmosda səyahət edən ataya və Yerdə qalan oğluna da aid edilə bilər. Eynşteynə görə əgər atanın yaşı 27, oğlunun yaşı üç olarsa, 30 Yer ili sonra ata dünyaya qayıtdıqda oğul 33 yaşında, ata isə 30 yaşında olar.44
Zamanın nisbi olması saatların yavaşıması və ya sürətlənməsindən deyil, bütün maddi sistemin atom altı səviyyədəki zərrəciklərə qədər fərqli sürətlərdə işləməsindən irəli gəlir. Zamanın qısaldığı belə mühitdə insan orqanizmindəki ürək döyüntüləri, hüceyrələrin bölünməsi, beyin fəaliyyətləri kimi proseslər daha ağır işləyir.
Beləliklə, insan zamanın yavaşladığını heç anlamadan gündəlik həyatına davam edir.