Materialistlərin maddə kimi əzəli və mütləq varlıq zənn etdikləri başqa məfhum isə zamandır. Ancaq maddə kimi zaman da hissdir və əzəli deyil, yaradıldığı bir an var. Dövrümüzdə elmi dəlilləri ilə üzə çıxarılan bu həqiqət Quranda bir çox ayə ilə də bildirilmişdir.
Zaman tamamilə bizim hisslərimizə və hisslərimiz arasında apardığımız müqayisəyə əsaslanan anlayışdır. Məsələn, siz hal-hazırda bu kitabı oxuyursunuz. Fərz edək ki, kitabı oxumazdan əvvəl mətbəxdə yemək yeyirdiniz. Elə mətbəxdə yemək yediyiniz an ilə hal-hazırkı an arasında bir müddət olduğunu düşünür və buna zaman deyirsiniz. Əslində isə, mətbəxdə yemək yediyiniz an sizin hafizənizdəki məlumatdır və siz içində olduğunuz hal-hazırkı an ilə hafizənizdəki məlumat arasında müqayisə aparır və bunu zaman adlandırırsınız. Bu müqayisəni aparmadığınız təqdirdə, zaman anlayışı da qalmaz, insan üçün sadəcə içində olduğu an mövcud olacaqdır.
Məsələn, şagirdin son zəng mərasimi hafizəsindəki məlumatdır. İnsan o mərasimdən etibarən hafizəsindəki digər məlumatları da içində yaşamaqda olduğu an ilə müqayisə etdikdə zaman anlayışını əldə edir və hafizəsindəki məlumatlara görə bu zamanın uzunluğunu və ya qısalığını müəyyən edir. Əslində isə, bu uzunluq və qısalıq tamamilə beyində əmələ gələn və bu müqayisədən qaynaqlanan hissdir.
Eyni şəkildə, yerə düşən qələmi əyilib götürən və stolun üstünə qoyan birini gördükdə müqayisə edir. Gördüyü insan qələmi stolun üstünə qoyduğu anda o şəxsin qələmi əyilib götürməsi və stola doğru yeriməsinə tamaşa edən şəxsin beynində yerləşən məlumatlardır. Zaman hissi qələmi stolun üstünə qoyan insan ilə bu məlumatlar arasında müqayisə aparılaraq ortaya çıxır.
Məşhur fizik Culian Barbur zamanın tərifini belə verir:
Zaman əşyaların mövqelərini dəyişdirmə ölçüsündən başqa bir şey deyil. Saat kəfkiri yellənir, saatın əqrəbləri hərəkət edir.39
Qısaca desək, zaman beyində xatirə kimi saxlanılan bir sıra məlumatlar, daha doğrusu, görüntülər arasında müqayisə aparılması ilə mövcud olur. Əgər insanın hafizəsi olmasaydı, o insan sadəcə içində olduğu anı yaşayar, beyni bu cür şərhlər etməz və ona görə də zaman hissi də əmələ gəlməzdi.