logo

Keçmiş anlayışı hafizəmizdəki məlumatlara görə əmələ gəlir

Biz bizə verilən təlqinə görə, keçmiş, hal-hazırkı an və gələcək kimi hissələrə ayrılmış zaman kəsiklərini yaşadığımızı zənn edirik. Əslində isə, keçmiş anlayışına malik olmağımızın tək səbəbi daha əvvəl də bildirdiyimiz kimi, hafizəmizə bəzi hadisələrin verilməsidir. Məsələn, orta məktəbin birinci sinfinə getdiyimiz an hafizəmizdə olan məlumatdır və biz bu səbəbdən bunu keçmiş hadisə kimi qavrayırıq. Gələcəklə bağlı hadisələr isə hafizəmizdə yoxdur. Buna görə, biz hələ xəbərdar olmadığımız bu hadisələri yaşanacaq, gələcəkdə baş verəcək hadisələr kimi qəbul edirik. Həqiqətdə keçmiş necə bizim üçün yaşanmış, təcrübədən keçirilmiş, görünmüş hadisələrdirsə, gələcək də eyni şəkildə yaşanmışdır. Ancaq bu hadisələr bizim hafizəmizə verilmədiyi üçün biz bunları bilə bilmərik.

Əgər Allah gələcəklə bağlı hadisələri də hafizəmizə versəydi, onda gələcək də bizim üçün keçmiş olardı. Məsələn, 30 yaşında bir insanın hafizəsində 30 illik xatirələr, hadisələr var və buna görə, bu insan 30 illik keçmişinin olduğunu düşünür. Əgər bu insanın hafizəsinə 30 ilə 70 yaş arasındakı gələcəyinə dair hadisələr verilərsə, onda 30 yaşındakı bu insan üçün həm 30 ili, həm də 30 ilə 70 yaşı arasındakı gələcəyi keçmişə çevrilər. Çünki bu halda, keçmişi də, gələcəyi də hafizəsində mövcud olar, hər ikisi də onun üçün yaşanmış, görünmüş, təcrübədən keçirilmiş hadisələr olacaqdır.

Ancaq Allah bizə hadisələri müəyyən ardıcıllıqla, kiçikdən böyüyə doğru, sanki keçmişdən gələcəyə axan zaman var imiş kimi hiss etdirdiyi üçün bizə gələcəyimizlə bağlı hadisələri bildirmir, bunlar haqqında məlumatı hafizəmizə vermir. Gələcək bizim hafizəmizdə yoxdur, ancaq Allah`ın sonsuz hifzində bütün insanların keçmişləri və gələcəkləri var. Bu, daha əvvəl də bildirildiyi kimi, bir insanın öz həyatına artıq mövcud olan film kimi tamaşa etməsinə bənzəyir. Film artıq çəkilmiş və bitmişdir. Ancaq bu filmi irəliyə çəkmək imkanı olmayan insan kadrlara bir-bir baxdıqca həyatını görür. Hələ baxmadığı kadrların isə gələcəyi olduğunu zənn edərək yanılır.