Ancaq dövrümüzdə maddənin zehində hiss edilməsi fəlsəfi mövzudan çıxmış, elmi dəlillərlə sübut edilən həqiqətə çevrilmişdir. Elm dünyasındakı irəliləyişlər insanın duyğu orqanlarının funksiyasını öyrənmişdir. Bu funksiya kitabın əvvəlində də izah etdiyimiz kimi, hər duyğu orqanı üçün eynidir: xarici aləmdən duyğu orqanlarına gələn təsirlər hüceyrələrimiz tərəfindən elektrik siqnallarına çevrilir və sinirlər yolu ilə beyindəki qavrama mərkəzlərinə çatdırılır. İnsan xarici aləmi beynindəki kiçik qavrama mərkəzlərində görür, eşidir, qoxulayır, dadır və ya hiss edir.
Bu texniki həqiqətlər bu gün hər hansı bir fiziologiya kitabında və ya orta məktəb biologiya kitablarında belə rast gəlinəcək qədər açıq həqiqətlərdir. Görüntünün və hisslərin beyində necə əmələ gəlməsi bütün tibb fakültələrində ətraflı şəkildə öyrədilir. İnkişaf edən elmlə yanaşı, fizika, kvant fizikası, psixologiya, nevrologiya, biologiya, tibb kimi elmlər bu həqiqətin texniki tərəflərini açıq şəkildə üzə çıxarmışdır.
Apardığı fəaliyyətləri ilə böyük marağa səbəb olan, hamısı mükafata layiq görülmüş 8 kitabın müəllifi, nəzəri fizika alimi dr. Fred Alan Volf elmi irəliləyişlərin, xüsusilə də, kvant fizikasında əldə edilən nəticələrin insanlara görünən dünyanın beynimizdə təmasda olduğumuz xəyali varlıqlardan ibarət olduğunu göstərdiyini belə açıqlayır:
Bütün materializmin, fiziki dünyanın, bizə məlum olan gerçəkliyin, bütün varlığın fövqündə bir şey var. Bu, ənənəvi dualizmi də təkzib edir. Mən bunu mistik görüş kimi deyil, kvant fizikası kimi görürəm. Bizim ən müasir fiziki dünya anlayışımıza görə, tərif edilməz dünya, mistik dünya, "xəyali" dünya ola bilər. Alman fiziki və kvant mexanikasının qabaqcıllarından Verner Heyzenberq irəli sürdüyü kimi, şüuru daha fərqli görürəm. Həqiqət daha çox yuxu kimidir, mən yuxuda gerçəklik görürəm. Hamımızın bir hissəsi olan, bu yuxunu əmələ gətirən varlığı və ya böyük Ruhun varlığını qəbul edirəm və bu, elmi açıqlamalarla əldə edə biləcəyimiz nəticədir.49
Bu elm adamı maddi dünyanın zehnimizdə qavrandığını elmi kəşflərlə görmüş və qavramış bir çox elm adamından yalnız biridir. Bu açıq elmi həqiqəti qəbul etməyənlərin inkar səbəbi isə elmi deyil, ideoloji səbəbdir. Çünki bu elm adamları böyük mühafizəkarlıqla bağlı olduqları materializmi təməlindən əsassız edəcək bu həqiqəti göz görə-görə qəbul etmək istəmirlər. Belə ki, dr. Volf bu həqiqətin materializmi təkzib edəcəyini bildirir.
XIX əsrdə əldə edilən elmi nəticələr nəzərə alındıqda xarici aləmin beyində qavranması həqiqətini hər hansı bir fəlsəfə kimi qəbul etmək heç inandırıcı deyil. Çünki bu, fəlsəfə deyil, elmi kəşflərin açıq şəkildə göstərdiyi texniki həqiqətdir. Bu, insanların məhz içində yaşadıqları, inkar edilməz məsələdir. Dinsiz də olsa, dindar da olsa, hər insan bu mövzunu qeyd-şərtsiz bilir, inkar etməyinin də mənası yoxdur.
Etiraz:
Maddənin həqiqəti mövzusu vəhdəti-vücud düşüncəsi ilə eynilik təşkil edir?
Cavab:
Vəhdəti-vücud düşüncəsini izah edən bir çox böyük İslam aliminin keçmişdə bu kitabda yer verilən bəzi mövzuları düşünərək izah etdikləri doğrudur. Ancaq burada izah edilənlər vəhdəti-vücud düşüncəsi ilə eyni deyil. Tarix boyu bir çox alim və mütəfəkkir bu həqiqəti izah etmişlər. Ancaq bir qismi səhv fikirlərə düşərək Allah`ın yaratdığı varlıqları tamamilə yox hesab etmişlər. Əslində isə, maddənin beynimizdə əmələ gələn xəyalını gördüyümüzü söyləmək gördüyümüz varlıqların heç birinin olmadığını demək deyil. Çünki gördüyümüz bütün varlıqlar, dağlar, düzənliklər, çiçəklər, insanlar, dənizlər, qısaca desək, gördüyümüz hər şey, Allah`ın Quranda mövcud olduğunu bildirdiyi hər varlıq yaradılmışdır və vardır. Ancaq bunların hər biri görüntü kimi vardır.
Allah`ın yaratdığı hər varlıq, biz görsək də, görməsək də, vardır. Çünki onsuz da bu varlıq yaradılmışdır və daha əvvəl də deyildiyi kimi, ilk yaradıldığı halından öldüyü ana qədərki hər halı Allah`ın hifzində sonsuzluğa qədər mövcud olmaqda davam edəcəkdir (bu mövzu haqqındakı ətraflı məlumat üçün bax: "Sonsuzluk Başlamış Durumda", Harun Yahya, Araştırma Yayıncılık).
Beləliklə, maddənin beynimizdə əmələ gələn xəyalı ilə təmasda olmağımız onu yox halına salmaz. Ancaq bizə maddənin mahiyyəti haqqında məlumat verir ki, bu da maddənin görüntü olması həqiqətidir.
Etiraz:
İnsan xəyal olduğunu bildiyi şeyi necə sevər? Hər şeyin zehnimizdə əmələ gələn xəyal olduğunu qəbul etsək, anamızı, atamızı, dostlarımızı, Peyğəmbərimizi (s.ə.v) necə sevərik?
Cavab:
Bu sualı verən insan hər şeydən əvvəl özünün də xəyal olduğunu bilmir və ya dərk etmir. Özünü mütləq, dostlarını, yaxınlarını, ailəsini isə xəyal kimi qəbul edir. Əslində isə, özü də digər yaxınları kimi xəyal varlıqdır. Gördüyü, toxunduğu bədəni eynilə yaxınlarının bədənləri kimi beynində əmələ gələn görüntüdür.
Bundan başqa, bu sualı verən insanların yaxınlarının, dostlarının zehinlərində meydana gələn hiss olmaları onların sevilmələrini əngəlləyir. Əgər insan yaxınlarını və dostlarını, onların bədənlərindən və ya maddi varlıqlarından ötrü sevirsə, bu yanlış sevgi formasıdır. Doğru olan, insanı Allah`ın o insanda təzahür edən xüsusiyyətlərinə görə sevməkdir. Məsələn, biz Peyğəmbərimizi (s.ə.v) heç görmədiyimiz halda, onda Allah`ın Vəli, Məlik, Kərim, Vəkil, Hadi kimi bir çox isminin çox gözəl təzahür etdiyini, Allah`ın ən bəyəndiyi əxlaqı onda təzahür etdirdiyini bildiyimiz üçün ona qarşı çox böyük sevgi və məhəbbət duyuruq. Amma bu sevgimizin yeganə qaynağı Peyğəmbərimizin (s.ə.v) əsl sahibi olan Allah`a olan sevgi və məhəbbətimizdir.
Müsəlmanları, insanları, digər bütün varlıqları da Allah`a olan sevgilərinə, onların Allah`ın təzahürü olduqlarına görə sevirlər. Məsələn, hər hansı bir ceyran balasını sevən müsəlman o ceyranda Allah`ın mərhəmətinin, şəfqətinin təzahürünü, Allah`ın o ceyranda yaratdığı sevimliliyi bəyəndiyi üçün, görüntüsü mərhəmət hissini təhrik etdiyi üçün ona qarşı sevgi göstərir. Ceyranı və ya hər hansı başqa bir canlını tək başına, müstəqil varlıq kimi sevməz.
Bir müsəlman heç bir insana və ya varlığa müstəqil sevgi və ya bağlılıq duymaz. Bütün sevgilərin mənbəyi Allah sevgisidir. Quranda "...Sizin Allah`dan başqa bir dostunuz və yardımçınız yoxdur. (Bəqərə surəsi, 107)" ayəsi ilə insanın Allah`dan başqa dostu olmadığına diqqət çəkilmişdir. Başqa bir ayədə isə insandan: "Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?! (Zumər surəsi, 36)" -deyə soruşulur. Elə isə sevdiklərimiz də Allah`dan ayrı, müstəqil varlıqlar kimi bizim dostumuz və köməkçimiz ola bilməzlər. Ona görə, bütün yaxınlarımızın, dostlarımızın zehnimizdə hiss olması bu həqiqəti daha da qüvvətləndirir. Biz, məsələn, anamızı sevərkən, əslində, sevdiyimiz Allah`ın ana görüntüsündə təzahür edən Rəhim, Rauf (əsirgəyən), Asim (qoruyucu) sifətləridir. Mömin qardaşımızı sevərkən onda Allah`ın təzahür etdirdiyi və razı olduğu gözəl əxlaqı sevirik. Onun təqvasından və davranışlarından Allah`ın razı olduğunu umduğumuz üçün biz də ondan razı oluruq. Onun Allah`ı sevdiyini, Allah`dan qorxub çəkindiyini gördüyümüz üçün Allah`ın yaratdığı bu imanlı görüntüdən biz də zövq alır, xoşlanırıq. Ona görə, biz insanı sevdikdə həqiqətdə Allah`ı sevirik və o görüntüyə olan məhəbbət və sevgimizin əsl mənbəyi Rəbbimizə olan məhəbbət və sevgimizdir.
İnsanları Allah`dan ayrı tutaraq sevənlər, insanlara Allah`dan müstəqil varlıqlar kimi bağlananlar, insanları Allah`ı sevən kimi sevənlər isə böyük səhv edirlər. Çünki Qurana görə, tək sevgi və bağlılıq Allah`a qarşıdır, varlıqlar isə Allah`ın təzahürləri kimi sevilir. Allah insanlara müstəqil dəyər verərək bağlananlar haqqında Quranda belə buyurmuşdur:
İnsanların içərisində Allah`dan qeyrilərini şərik qoşub, onları Allah`ı sevən kimi sevənlər də vardır. Halbuki, iman gətirənlərin Allah`a məhəbbəti daha qüvvətlidir. Əgər zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün qüdrətin Allah`a məxsus olduğunu və Allah`ın əzabının şiddətli olacağını bilərdilər. (Bəqərə surəsi, 165)
Ayədə də bildirildiyi kimi, insanlara və ya varlıqlara Allah`ın varlığından başqa güc vermək və onlara bu şəkildə bağlanmaq onları Allah`a bərabər və ortaq etməkdir. Əslində isə, Allah`dan başqa heç bir varlıq hər hansı bir hərəkəti icra etməyə qadir deyil. Quranın bir çox ayəsində Allah`dan başqa varlıqlara güc aid edən insanlara bu həqiqət bildirilmişdir:
Allah`dan başqa ibadət etdikləriniz də sizin kimi bəndələrdir. Əgər doğrusunuzsa, haydı, çağırın onları, sizə cavab versinlər. Məgər onların yeriyən ayaqları, ya tutan əlləri, ya görən gözləri, yaxud eşidən qulaqları var?! De: "Haydı, çağırın şəriklərinizi, mənim barəmdə istədiyiniz hiyləni qurun və mənə heç möhlət də verməyin! Şübhəsiz ki, mənim hamim Kitabı nazil edən Allah`dır. O, əməlisalehlərə himayədarlıq edər! Sizin Ondan başqa tapındıqlarınız isə nə sizə, nə də özlərinə bir köməklik edə bilər!" Əgər siz onları sizə doğru yol göstərməyə çağırsanız, eşitməzlər. Sən onları sənə baxan görərsən, halbuki onlar görməzlər! (Əraf surəsi, 194-198)
Yuxarıdakı ayələrdə açıq şəkildə xəbər verildiyi kimi, Allah`dan başqa heç kimin hər hansı bir şəkildə insana kömək etməsi mümkün deyil. İnsanın ən sevdiyi, həyatı boyu mütləq varlıqlar olduqlarını zənn etdiyi anası, atası, uşaqları, dostları da olsa, çətin vəziyyətə düşdükdə o insana kömək edə bilməzlər. İnsanın yaxınlarının, dostlarının köməyi ancaq Allah`ın istəyi və izni ilədir. Allah`ın istəyi xaricində heç bir insanın öz-özünə belə kömək etməsi mümkün deyil. Hətta Allah`ın istəyi xaricində insanın yeriməsi, görməsi, eşitməsi, qısaca desək, həyata davam etməsi də mümkün deyil. Bundan başqa, unutmaq olmaz ki, əslinin necə olduğunu bilmədiyimiz, sadəcə xəyali görüntüləri ilə təmasda olduğumuz varlıqlar axirətdə bu iddianı irəli sürənlərdən uzaqlaşdırılacaq və Quranda bildirildiyi kimi, hər kəs tamamilə tək sorğu-sual ediləcəkdir. Yəni necə ki, dünyada hər kəs sadəcə Allah ilə bərabərdirsə, axirətdə də o cür hesaba çəkiləcəkdir. Allah bu həqiqəti bir ayəsində belə bildirir:
Siz Bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha, özü də sizə verdiyimizi arxanızda qoyub gəlmisiniz. Artıq sizin öz aranızda Allah`ın şərikləri iddia etdiyiniz şəfaətçilərinizi görmürük. Artıq aranızdakı (rabitə) qırılmış və (Allah`a şərik) iddia etdikləriniz də sizdən (uzaqlaşıb) qeyb olmuşdur. (Ənam surəsi, 94)
Hər insan, məsələn, dostuna baxarkən zehnində Allah`ın onun üçün yaratdığı dost görüntüsünü görür. Beyninə gedən sinirlər kəsilərsə, dostunun görüntüsü itəcəkdir. Daima Diri və Qaim olan sadəcə Allah`dır. Elə isə insan əsli ilə əsla əlaqə qura bilməyəcəyi, sadəcə zehnində olan varlığa nə üçün bağlansın? Unutmaq olmaz ki, insanın bağlanacağı, sevərək boyun əyəcəyi tək dostu uca Allah`dır.
Etiraz:
İnsan sevdiklərinin də özü kimi həqiqi və daimi olmasını istəyir.
Cavab:
Bu mövzuya etiraz edən bəzi şəxslər belə deyirlər: "Halbuki, insan istəyər ki, dostları da özü kimi həqiqi və daimi olsun. Başqa cür necə ola bilər?"
Bu ifadələr bu şəxslərin maddənin gerçək mahiyyəti ilə bağlı izah edilən mövzunu anlamadığnı və ya üzərində lazımi şəkildə düşünmədiyini göstərir. Çünki bu sözləri deyən şəxsin özü də gerçək və daimi deyil ki, yaxınlarının da özü kimi olmasını istəsin. Bu həqiqətin üzərində lazımi şəkildə düşündükdə insan öz bədəninin də Allah`ın ruhuna tamaşa etdirdiyi görüntü olduğunu anlayacaqdır.
Bəzi insanların bədənlərinə toxunmaları, barmaqlarını kəsdikdə ağrı hiss etmələri, malik olduqları bədənin bəzi ehtiyaclarını təmin etmələri bu insanlara öz bədənlərinin xəyali görüntü olduğunu unutdura bilər. Əslində isə, bütün digər varlıqlar kimi insanın öz bədəni də hissdir və insanın özü öz bədəninin maddi gerçəkliyinin əslini bilmir. Məsələn, barmağını kəsdikdə duyduğu ağrı da hissdir. Yemək yeyərkən doyması da hissdir. İnsanın beyninə kənardan verilən süni siqnallar bu toxluq hissini yemək yemədən də meydana gətirə bilər. Ancaq insan heç bir zaman öz bədəninin əslinin necə olduğunu bilmir. Ağrıları hiss edən, toxunan, bu yazını oxuyaraq anlayan, tənqid yazan Allah`ın insana verdiyi ruhdur. Ona görə, insan özü də Allah`ın bir təzahürüdür. Bu şəxslərin hesab etdiyi kimi, mütləq və daimi deyil.
Etiraz:
Kainatın hisslərin cəmi olması nəticəsinə gəlmək kainatın necə işlədiyini araşdırmağı, yəni elmi tərk etməyə gətirib çıxarır.
Cavab:
Bu, daha çox materialistlərin irəli sürdüyü və bu böyük həqiqəti, elmi yox edəcək mövzu kimi göstərmək üçün dilə gətirdikləri etiraz formasıdır. Bu etirazın əsassızlığı və məntiqsizliyi isə açıqdır.
Allah bizə yaşadığımız görüntüləri səbəb-nəticə əlaqəsi içində bəzi qanunlara bağlı kimi göstərir. Məsələn, gecə ilə gündüz bizim beynimizdə əmələ gələn görüntülərdir və biz gecə ilə gündüzün Günəşə və Yerin hərəkətlərinə bağlı şəkildə dəyişdiyini hiss edirik. Məsələn, beynimizin içindəki görüntüdə Günəş ən təpədə ikən, günorta saatı olduğunu bilirik və Günəş batarkən də havanın qaraldığına şahid oluruq. Allah kainata aid hissləri yaradarkən bu səbəb-nəticə əlaqəsi ilə birlikdə yaratmışdır. Heç vaxt Günəş batdığı halda, gündüzü yaşamırıq. Elə Allah`ın zehnimizdə yaratdığı bu səbəb-nəticə əlaqəsinin müşahidə edilməsi və araşdırılması elmdir.
Başqa bir nümunə də verək: beynimizin içindəki xəyalda əlimizdən buraxdığımız qələm həmişə yerə düşür. Buna səbəb olan səbəb-nəticə əlaqəsinin araşdırılması nəticəsində yerin cazibə qüvvəsi qanununu kəşf edirik. Allah ruhumuza tamaşa etdirdiyi görüntüləri müəyyən səbəblərə və qanunlara bağlı şəkildə göstərir. Bu səbəb və qanunların yaradılma məqsədi həyatın imtahan üçün yaradılmasıdır. Bu qanunların və kainat adı verilən hisslər cəminin necə bir nizam içində işlədiyinin araşdırılması isə elmi əmələ gətirir. Ona görə, elm Allah`ın yaratdığı qeyri-adi görüntülərin əlaqəli kimi göründüyü qanunları anlamaq üçün vacibdir.
Beləliklə, materialistlərin iddia etdiyi kimi, maddənin əsli ilə təmasda olmadığımız həqiqətini qəbul etmək elmi inkar etməyə gətirib çıxarmır. Əksinə, bu həqiqəti səmimi niyyətlə qəbul edənlər, elmi bu hisslərin cəmi kimi anlayıb, bu cəmdəki sirləri qavramaq üçün vacib yol kimi görürlər.
Bu elm anlayışı ilə materialist elm anlayışı arasında isə böyük fərq var. Sözügedən hisslər cəminin müşahidə edərək kəşf etdiyimiz təbiət qanunları bu cəmi yaratmış Allah`ın qanunlarıdır. Maddəni mütləq varlıq zənn edən, təbiət qanunlarının maddənin özündən qaynaqlandığını düşünən, onları yaradanın da təbiət qanunları olduğu xətasına düşən materialistlərin elm anlayışı isə bu həqiqətlə birlikdə çökür.
Bunu da unutmaq olmaz ki, Allah bütün bu hissləri heç bir qanuna və səbəbə ehtiyac hiss etmədən yaratmağa gücü çatandır. Məsələn, Allah toxum olmadan gülü yarada bilər, bulud olmadan yağış yağdıra bilər və ya Günəş olmadan kölgəni, gecəni və gündüzü yarada bilər. Allah bir ayəsində bu həqiqəti belə bildirir:
Məgər Rəbbinin kölgəni necə uzatdığını görmürsənmi? Əgər istəsəydi, onu daim öz yerində saxlayardı. Sonra Biz günəşi bir əlamət etdik. Sonra onu yavaş-yavaş Özümüzə tərəf çəkdik. Sizin üçün gecəni örtük, yuxunu rahatlıq yaradan, gündüzü də həyat yaradan Odur. (Furqan surəsi, 45-47)
Ayədə də göründüyü kimi, Allah əvvəlcə kölgəni yaratdığını, sonra da Günəşi ona dəlil etdiyini bildirir. Yuxularımız bu yaradılışı daha yaxşı qavraya biməyimiz üçün nümunədir. Yuxuda Günəşin maddi qarşılığı olmadığı halda, Günəşin verdiyi işığı, istiliyi, aydınlığı eynilə gerçək həyatdakı kimi hiss edirik. Bu cəhətləri ilə yuxular Allah`ın Günəş olmadan da Günəşə aid hissləri zehnimizdə yarada biləcəyinin göstəricilərindən biridir.
Ancaq Allah yaratdığı imtahan mühitində insanlar üçün hər şeyin səbəbini də yaratmışdır. Gündüzün səbəbi Günəşdir, yağışın səbəbi isə buluddur. Bunların hamısı beynimizdə Allah`ın ayrı-ayrı var etdiyi görüntülərdir. Səbəbin nəticədən əvvəl yaradılması ilə də Allah bu imtahan mühitində hər şeyin müəyyən qanunlarla işlədiyini də düşünməyimizi və bu yolla elmi tədqiqat aparmağımızı təmin edir.
Etiraz:
Bir tərəfdən Allah`ı iman həqiqətləri ilə açıqlayarkən, digər tərəfdən Onun varlıq dəlili kimi təqdim etdiyi varlıq aləminin yox olduğunu demək ziddiyyət deyilmi?
Cavab:
Maddənin əsli ilə bağlı izahları tam qavraya bilməyən bəzi insanlar "maddi dünyanın əsli ilə təmasda ola bilmərik, sadəcə zehnimizdəki xəyali görüntülərilə təmasda oluruq" ifadəsini "heç bir şey yoxdur" kimi səhv anlayırlar. Əslində isə, maddənin hisslərin cəmi olduğunu və ya beynimizdə gördüyümüz görüntü olduğunu demək maddənin olmadığı demək deyil. Maddi kainat vardır, amma biz əslini heç vaxt bilmərik. Biz sadəcə maddənin zehnimizdəki surəti ilə, yəni xəyalı ilə təmasda oluruq.
Maddənin xəyalı ilə təmasda olmağımız Allah`ın varlığının qəti dəlilidir. Çünki (eynilə ilə görüntü kimi) hiss və xəyal mərtəbəsində olan varlıq öz-özünə meydana gəlmədiyinə görə, bu, bunu var edən Yaradanın olduğunu, yəni üstün güc sahibi Allah`ı göstərir. Ona görə, maddi kainatın görüntü olması həqiqəti Allah`ın varlığının və birliyinin qəti dəlilidir. Bu səbəbdən, maddənin görüntüsü ilə təmasda olmağımız ilə varlıqların Allah`ın varlığına dəlil təşkil etməsi arasında heç bir ziddiyyət yoxdur, əksinə, mübahisəsiz məntiq əlaqəsi vardır.
Allah bütün varlıqları yaratmışdır, ancaq biz bu varlıqların sadəcə zehnimizdəki hisslərini, görüntülərini bilirik və bu görüntü varlıqlara aid xüsusiyyətlərin tədqiq edilməsi, araşdırılması, Allah`ın yaratma üstünlüyünün, sənətinin və sonsuz ağlının dəlillərini göstərir. Beləliklə, maddənin hisslərin cəmi olduğunu demək və sonra bu görüntülərə aid xüsusiyyətləri araşdıraraq Allah`ın ucalığını, böyüklüyünü və qüdrətini görmək əsla ziddiyyət deyil.
Bundan əlavə, bunu da bildirmək lazımdır ki, bəzi şəxslər ancaq Allah`ı düşünən varlıqlar olduqda Allah`ın var olduğunu (Allah`ı tənzih edirik) hesab edir və bu böyük xətaya görə, bəzi etirazlar irəli sürürlər. Əslində isə, Allah istərsə, yaratdığı bütün görüntüləri silə bilər, bütün varlıqları yox edə bilər. Ancaq Allah yenə var olmaqda davam edər. Çünki O, əzəli və əbədidir, əvvəli və sonu yoxdur, əvvəl və axırdır. Allah istədiyini bir anda yox edə biləcəyinə bir çox ayəsində diqqət çəkir:
Ey insanlar! Əgər O istərsə, sizi yox edər, (yerinizə) başqalarını gətirər. Allah buna qadirdir! (Nisa surəsi, 133)
Ey insanlar! Siz Allah`a möhtacsınız. Allah isə möhtac deyildir. O, şükrə layiqdir! Əgər istəsə, sizi yox edib (yerinizə) başqa bir məxluq gətirər. Bu, Allah üçün çətin deyildir! (Fatir surəsi, 15-17)
Allah bütün varlıqları yaratmazdan əvvəl də vardır, bütün varlıqlar yox olsalar da, var olacaqdır. Rəbbimiz ayələrdə belə bildirir:
(Yer) üzündə olan hər kəs fanidir. Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir. (Rəhman surəsi, 26-27)
Etiraz:
Bu açıqlamalar qəbul edildikdə, haram və halal qavrayışları qalmır.
Cavab:
Bu, tamamilə həqiqətdən kənar iddiadır. Çünki maddi dünyanın əsli ilə təmasda olmamağımız həqiqəti imtahanın sirrini ortadan qaldırmaz. Maddənin əslini heç vaxt bilməsək də, Allah`ın haram buyurduqları haram, halal buyurduqları isə halaldır. Məsələn, Allah donuz ətini haram buyurmuşdur. Necə olsa da, donuzun xəyalı ilə təmasda olduğunu deyərək bu heyvanın ətini yeməyin böyük səmimiyyətsizlik və ağılsızlıq olduğu aydındır. Qarşıdakı insanların hamısının sadəcə zehnindəki görüntülərini gördüyünü və onlara yalan söyləyərsə, heç bir şey olmayacağını demək də Allah`dan qorxan və bu həqiqəti lazımi olduğu kimi qavrayan insana yaraşmaz. Bu, Allah`ın bütün hədlərinə, əmr və qadağalarına da aiddir. Məsələn, bu həqiqət 5 vaxt namazımızı qılmağı, zəkat verməyi ortadan qaldırmaz. Verdiyimiz zəkatın maddəsinin və bu zəkatı verdiyimiz insanların zehnimizdəki xəyallar olmaları fərz olan bu ibadətin yerinə yetirilməsinə mane olmaz. Allah bütün dünyanı hisslər cəmi kimi yaratmışdır, ancaq bizlərin boynuna bu xəyallar içində Quranda bildirdiklərinə görə məsuliyyət qoyur.
Keçmişdə bəzi kütlələr bu həqiqəti təhrif edərək halal və haramları ortadan qaldırmağa çalışmışdır. Ancaq bu kütlələr onsuz da əsas inanc kimi azğın anlayışa malik idilər və bu həqiqəti də nəfsləri və mənfəətləri üçün istifadə edə bilərlər. Ancaq bilmək lazımdır ki, onların gəldikləri bu nəticə doğru deyil, təhrif edilmişdir.
Beləliklə, səmimi düşünən insan çox açıq şəkildə görəcəkdir ki, imtahan üçün maddənin əsli ilə təmasda olmaq şərt deyil. Allah imtahan mühitini görüntü aləmi içərisində yaratmışdır. Bir insanın namaz qılması, halala-harama diqqət etməsi üçün maddənin əslini bilməli olduğunu irəli sürənlərin heç bir əsası yoxdur. Bundan əlavə, əsas olan ruhdur. Axirətdə cəzalandırılan və ya cənnət nemətləri ilə ruziləndirilən də ruhdur. Allah`ın imtahan etdiyi varlıq da insanın ruhudur. Ona görə, maddənin beynimizdəki xəyalı ilə təmasda olmağımız həqiqəti halal və haramlara əməl edilməsinə və ibadətlərin yerinə yetirilməsinə əsla mane olmaz.
Burada bunu da bildirmək lazımdır ki, görüntüyə görə məsuliyyət daşımayacaqlarını iddia edənlər cəhənnəmə girdikdə də: "Biz buna görə məsuliyyət daşımayacağımızı dedik, ona görə də buradayıq", -deyəcəklər. Amma bunu da unutmamalıdırlar ki, dünya həyatı kimi cəhənnəm də görüntü olsa da, cəhənnəm əzabı sonsuzluğa qədər yaşanacaqdır. Allah bu görüntü içində inkar edənlərə əzabı hər yönü ilə hiss etdirəcəkdir.
Etiraz:
Bütün insanlar hər hansı bir ağac gördükdə, onun yarpaqlarına yaşıl deyirlər. Hər kəs bu ağacı eyni cür tərif etdiyinə görə, deməli, bu ağac sadəcə mənim zehnimdə deyil.
Cavab:
Ətrafımızdakı insanların yaşıl dediyinə biz də yaşıl deyirik. Ancaq onların yaşıl adlandırdıqları rəng bizim zehnimizdə gördüyümüz yaşıldır, yoxsa bizim mavi gördüyümüzə yaşıl deyirlər, buna öyrənmə imkanımız əsla yoxdur. Çünki daha əvvəl də bildirildiyi kimi, zehnimizdən kənarda rənglər yoxdur. Xarici aləmdə sadəcə işığın fərqli dalğa uzunluqları var və bu dalğa uzunluqlarını rənglərə çevirən beynimizdir. Ona görə, rənglər bizim daxilimizdə əmələ gəlir və başqa şəxsin bizim beynimizdə əmələ gələn rəngi görmək imkanı yoxdur. Bu mövzu bir çox filosof və elm adamı tərəfindən mübahisə edilən məsələdir və elm adamlarının ortaq qənaəti budur: "Biz, bizim qırmızı dediyimiz gülü yanımızdakı şəxs də bizim gördüyümüz kimi görür, yoxsa o bizim mavi dediyimizə qırmızı deyir, bunu heç vaxt bilmərik". Bu sadəcə rənglər üçün deyil, bütün hisslərimizə də aiddir. Məsələn, Daniel Dennet bu mövzu haqqındakı düşüncələrini və marağını belə ifadə edir:
Cisimlərin görüntülərinin, səslərinin və qoxularının mənə gəlmə formaları var. Bu, açıqdır. Yenə də cisimlər digər insanlara da mənə göründüyü kimi görünüb-görünmədiyi mənə maraqlıdır.
... Bir şeyə baxdıqda sizin və mənim eyni rəngi gördüyümüzü haradan bilərəm? İkimizə də rəng adları, ümumi şəkildə rəngli cisimlərdə göstərilərək öyrədilmişdir, tamamilə fərqli rəng təcrübələri keçsək də, bu rəngləri sözlə ifadə etməyimiz oxşar olacaqdır. Məsələn, qırmızı şeylərin mənə görünməsi yaşıl şeylərin sizə görünməsi kimi olsa da.50
Harvard Universitetindən psixologiya professoru Dryu Vesten isə elmi cəhətdən digər şəxsin gülü bizimlə eyni cür qavrayıb-qavramadığını bilməyəcəyimizi belə açıqlayır:
Əgər qavrayış yaradıcı və ya struktural prosesdirsə, insanlar dünyanı hansı dərəcəyə qədər eyni şəkildə qavrayırlar? Qırmızı bir insana göründüyü kimi, digər insana da eyni şəkildə görünür? Əgər bir insan sarımsağı xoşlayırsa və digəri xoşlamırsa, bu eyni dadı xoşlayan və xoşlamayan 2 fərqli insandır, yoxsa sarımsaq hər biri üçün fərqli dada malikdir? Qavrayışın struktural təbiəti insanların dünyanı hansı dərəcəyə qədər həqiqətdə olduğu kimi görüb-görmədikləri problemini yaradır. Platon bizim qavradıqlarımızın hər hansı bir mağaranın divarındakı kölgələrdən bir az daha çox olduğunu iddia edir. Bir fincan qəhvənin isti olduğunu söyləmək nə məna verir? Ot, həqiqətən, yaşıldır? Görmə sistemi işığın müəyyən dalğa uzunluqlarını ayırd etməkdən məhrum olan və yaşıl rəng korluğu olan insan otu yaşıl görməz. Yaşıllıq bir obyektin (otun), qavrayanın xüsusiyyətidir, yoxsa müşahidəçi ilə müşahidə edilən arasındakı bir növ əlaqələrdir? Bütün bunlar duyğu və hissin həlledici cəhətindəki fəlsəfi suallardır.51
Göründüyü kimi, eyni tərifləri verməyimiz və ya eyni rəngin adını söyləməyimiz eyni şeyləri görməyimiz demək deyil. İnsanların qavrayışlarını müqayisə etmək isə tamamilə mümkünsüzdür, çünki hər kəs beyninin içindəki özünə aid dünyanı görür. Bu etirazla bağlı başqa bir açıqlama isə sonrakı etirazda verilir.
Etiraz:
Mənimlə birlikdə üç nəfər bağda gəzir və üçümüz də eyni şeyləri görürük. Hamımızın zehnində gördükləri bir-birinin eynidirsə, onda zehnimizdəki görüntülərin xəyal olduğunu necə deyə bilərik?
Cavab:
Sizinlə birlikdə başqa insanların da eyni şeyləri görməsi maddənin xarici aləmdəki əslini görməyiniz mənasına gəlməz. Çünki siz ətrafınızdakıları da beyninizin içində görürsünüz. Məsələn, meyvə bağında dostlarınızla birlikdə gəzərkən gördüyünüz alma, ərik, tut ağacları, rəngarəng çiçəklər, quşların səsi, əsən meh, xoş çiçək və meyvə ətri necə beyninizdə əmələ gəlirsə, dostlarınız da və onların danışıqları da beyninizdə əmələ gəlir. Yəni dostlarınız xarici aləmdəki bağda deyil, sizin zehninizdə gördüyünüz bağda gəzirlər. Ona görə, dostlarınızın sizinlə eyni görüntünü görməsi gördüklərinizin əsli ilə təmasda olmağınız demək deyil.
Hətta böyük stadion dolu insanla hər hansı bir futbol matçına tamaşa etdikdə minlərlə insanın vurulan qolu eyni anda görməsi və buna eyni anda münasibət göstərməsi də nə o stadionun, nə futbolçuların, nə hakimlərin, nə də stadionu dolduran insanların əsl varlıqlarını gördüyünüzə dəlil deyil. Çünki stadion və içindəki futbolçular, tamaşaçılar, alqışlar və orada gördüyünüz hər şey sizin beyninizdə əmələ gəlir. Qol vuran futbolçu da, bu qola sevinən tamaşaçılar da sizin içinizdədir. Siz beyninizdə atılan qola sevinirsiniz, beyninizdəki insanlarla birlikdə alqışlayırsınız. Nəticədə, ətrafınızda gördüyünüz insanların sizin gördüklərinizi təsdiqləməsi xarici aləmdəki əslləri ilə təmasda olduğunuz demək deyil. Çünki yanınızda olduğunu dediyiniz insanlar nə qədər çox olsalar da, əslində, beyninizin içindədirlər.
Etiraz:
Xarici aləmi olduğu kimi qavrayırıq, ona görə də davranışlarımızda hər hansı bir anormallıq yoxdur. Məsələn, uçurumun kənarında düz yolda olduğu kimi düz yerimirik. Uçurumu görüb dayanırıq.
Cavab:
Bu etiraz bu şəxsin düşüncə qarışıqlığı içində olduğunu və izah edilənləri heç anlamadığını göstərir. Çünki bu şəxsin etirazı belə bir iddiaya əsaslanır: "Xarici aləmdə maddi gerçəklik var. Ancaq hər kəs bu maddi dünyanı öz zehnində fərqli görə bilər". Bu şəxs ortada belə bir iddianın olduğunu zənn edir və buna etiraz edərək: "Xarici aləmdə maddi gerçəklik var və biz onu olduğu kimi görürük, kimsə xarici aləmi olduğundan fərqli görə bilməz. Bunun dəlili də budur ki, xarici aləmdə uçurum olduqda onu uçurum kimi görürük və kənarına çatdıqda dayanırıq", -deyərək bu iddianı əsassız etdiyini zənn edir.
Əslində isə, burada haqqında danışılan həqiqət bu şəxsin anladığından çox fərqlidir. Burada xarici dünyanın olduğu, amma bu dünyanı bizim eynilə deyil, fərqli gördüyümüz deyilir. Bundan başqa, bütün yaşadıqlarımızı zehnimizdə gördüyümüz və əslləri ilə heç vaxt təmasda olmadığımız, buna görə də, xarici aləmdəki əsllərinin necə olduğunu bilmədiyimiz vurğulanır.
Yolda yeriyərkən uçurumdan yıxılmamağımız isə maddənin xarici aləmdəki orijinalı ilə təmasda olmağımız demək deyil. Biz düz yolda yeriyərkən də, uçurumun kənarına çataraq dayandıqda da beynimizin içindəki yolda yeriyir, beynimizin içindəki uçurumu görürük. Hətta bu uçurumdan yıxılsaq da, beynimizdə gördüyümüz uçurumdan yıxıldığımıza dair hissləri də beynimizdə hiss edərik. Eyni ilə daha əvvəl izah etdiyimiz avtobusun vurması, itin dişləməsi və s. kimi nümunələrində olduğu kimi. Uçurumdan yıxıldıqda baş verən yaralanma, sınıq və ya ağrı kimi hisslərin hamısı beynimizdə əmələ gələn görüntü və hisslərdir.
Etiraz:
Allah`ın bizə bu görüntülərə tamaşa etdirməsinin məqsədi bizi imtahan etməkdir. Bəs hərəkətlərin yaradıcısı olan Allah nə üçün belə bir imtahan mühiti yaratmışdır?
Cavab:
Əlbəttə, insanların davranışlarının necə olduğunu görmək üçün Allah`ın onları sınamağa ehtiyacı yoxdur. Çünki bütün hadisələri, zaman və məkanları yaradan Rəbbimizdir. Allah zaman və məkandan uzaqdır. Bizim üçün keçmiş və gələcək hadisələr Onun qatında tək bir an içində yaşanıb sona çatmışdır. Ancaq Allah yaratdığı imtahan və səbəblər daxilində insanların öz davranışlarına şahid olmaları, nə üçün cənnətə və ya nə üçün cəhənnəmə getdiklərini bilmələri üçün bizlərə bunları yaşadır. Allah`ın dost olduğunu, sonsuz ədalətli, mərhəmətli və şəfqətli olduğunu bilən insan Allah`ın bu yaratmasından razı olur.
Allah bizlərə Öz qatında olub-bitmiş hadisələri tamaşa etdirir. İnsana isə bunları özü etdiyi hissini verir və bu hiss içində bizə Quran vasitəsilə bildirdiyi hər şeyə görə məsuliyyət daşıdığımızı xəbər verir. Bizim boynumuza düşən vəzifə Rəbbimizin bizə əmr etdiklərini yerinə yetirməkdir. Bundan sonranı isə ancaq Rəbbimiz istədikdə öyrənə bilərik. Bu sirri və hikməti Allah istəyərsə, bizə dünyada və ya axirətdə göstərə bilər və ya heç vaxt göstərməyə bilər. Allah`ın bir ayəsində bildirdiyi kimi: "...Allah`ın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər... (Bəqərə surəsi, 255)". Nə olursa olsun, Allah bizim sahibimiz və dostumuzdur. Elə isə bizim üzərimizə düşən bizə sonsuz nemətlər bəxş edən Allah`a güvənmək, Onun hər yaratdığından razı olmaqdır.
Bəzi insanlar tarixən maddənin əsli mövzusunu qavramışlar, ancaq Allah`a olan imanları və Quranı qavramaları zəif olduğu üçün təhrif edilmiş inanclar meydana gətirmişlər. "Hər şey necə də olsa, xəyaldır, onda ibadətlərə nə gərək var", -deyənlər olmuşdur. Bunlar son dərəcə azğın və cahil fikirlərdir. Hər şeyin Allah`ın bizə göstərdiyi xəyallar olduğu doğrudur. Ancaq Allah`ın boynumuza Qurandakı əmrlərə görə məsuliyyət qoyduğu da qəti həqiqətdir. Biz Allah`ın əmr və qadağalarına dəqiqliklə əməl etməliyik.
Allah Quranda insana ruh ilə bağlı çox az məlumat verildiyini bildirir. Nəticədə, Allah bu imtahan görüntüsünü bir məqsədlə yaratmışdır. Allah bu məqsədi ayələrində belə bildirir:
Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. Səbir edən şəxslərə müjdə ver! (Bəqərə surəsi, 155)
Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbir edib Allah`dan qorxsanız, əlbəttə, bu, məqsədə müvafiq işlərdəndir. (Ali-İmran surəsi, 186)
Bu imtahanın bir çox hikməti var. Bunlardan biri bizim sınanmağımız və buna əsasən, sonsuz həyatımızda harada olacağımızın müəyyən edilməsidir. Digər bir hikməti isə insanların öz etdiklərinə həyatları boyu şahid olmaları, əxlaqlarını axirət günündə Quran əxlaqı ilə müqayisə edilərək nə üçün cənnət və ya cəhənnəmə layiq görüldüklərini görmələri ola bilər. Ancaq bunun doğrusunu Allah bilir. Biz ancaq dua ilə Allah`dan bizə elmini açıb-göstərməsini istəyə bilərik.
Etiraz:
Bu danışılanlardan başa düşdüyümüz kimi, ölümdən sonra da xəyallarla təmasda olacağıq. Xəyallarla təmasda olmaq sonsuza qədər davam edəcək? Cənnət və cəhənnəm də görüntülərdən ibarətdir?
Cavab:
Allah dünyada bütün insanları sadəcə ruhlarına göstərilən görüntüləri qavrayacaq şəkildə yaratmışdır. Yəni biz sadəcə zehnimizdə bizə göstərilənləri görə bilirik, zehnimizdən kənardakıları görmək və ya onlara toxunmaq imkanımız yoxdur. Ancaq Allah ölümdən sonra insanı başqa bir yaradılışla yaradacaqdır. Bu yaradılış da görüntü çərçivəsində olacaq, yəni biz yenə cənnət görüntüsünü zehnimizdə görəcəyik. Bu yeni yaradılışın necə olacağını bilmirik. Ancaq bunu da unutmaq olmaz ki, cənnət və cəhənnəmin hiss kimi qavranması nə cənnətdən alınacaq zövqü, nə də cəhənnəmdə olan əzabı azaltmayacaq. Hər hansı bir insan dünya həyatında, zehnində necə əlinin yandığının bütün əlamətlərini, ağrını hiss edirsə, bu hissin gerçəkliyi axirətdə də davam edəcəkdir.
Ağrı kimi hisslər də beyində hiss edilir. Ancaq bütün insanların bildiyi bu ağrı hissi bütün digər hisslərimiz kimi son dərəcə həqiqi yaradılır. Hətta bəzən insan hiss etdiyi ağrının şiddətindən huşunu itirir. Buna bənzər bəzi görüntülərin də zehnimizdə bir hiss kimi yaradıldığına baxmayaraq, çox həqiqi olduqları üçün insana bir çox cəhətdən narahatlıq verir. Məsələn, pis görüntü, pis qoxu, xoş olmayan səs insanda böyük narahatlıq meydana gətirir. Bunların beyində qavranması bu həqiqəti dəyişdirmir. Ona görə, cəhənnəmin insanların ruhuna xəyal kimi göstərilməsi inkar edənlərin sonsuza qədər çəkəcəyi əzabı azaltmayacaq. Allah qüsursuz yaratması ilə dünya həyatını insanlara mütləq həqiqət zənn edəcəkləri şəkildə necə aydın və inandırıcı yaradırsa, axirət həyatını da elə yaratmağa gücü çatandır. Allah bir çox ayəsində cəhənnəm əzabının dözülməz əzab olduğunu bildirir:
Eyni zamanda da əzabım da çox şiddətli əzabdır. (Hicr surəsi, 50)
Biz kafir olanlara mütləq şiddətli bir əzab daddıracaq, etdikləri əməllərin ən şiddətli cəzasını verəcəyik! Budur Allah`ın düşmənlərinin cəzası - cəhənnəm! Ayələrimizi inkar etmələrinin cəzası olaraq onların əbədi məskəni oradadır! (Fussilət surəsi, 27-28)
Eyni vəziyyət cənnətə də aiddir. Bir insanın dünya həyatında zövq aldığı, xoşladığı, gözəl gördüyü hər şey zehnində meydana gələn hissdir. Məsələn, ən yaxın dostu ilə söhbət edən insan zehnində əmələ gələn dostu ilə söhbət edir. Bir şəlalənin möhtəşəm görüntüsünü, gurultulu səsini dinləyən insan həqiqətdə zehnində əmələ gələn şəlaləyə baxır, zehnində əmələ gələn səsini dinləyir. Bu, qəti həqiqətdir. Ancaq bu vəziyyət insanın bu görüntüdən zövq almasına mane olmur. Bu səbəbdən, Allah Quran ayələrində cənnətin insanlar üçün böyük qurtuluş və xoşbəxtlik olduğunu, cənnətdə nəfslərinin xoşladığı hər şeyin mövcud olduğunu belə bildirir:
Lakin öz Rəbbindən qorxanları altından çaylar axan cənnətlər gözləyir ki, onlar orada Allah qonağı kimi həmişəlik qalacaqlar. Allah yanında olan nemətlər yaxşı əməl sahibləri üçün daha xeyirlidir. (Ali-İmran surəsi, 198)
Rəbbi onları Özündən bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan cənnətlərlə müjdələr. Onlar orada əbədi qalacaqlar. Böyük mükafat, həqiqətən, Allah yanındadır! (Tövbə surəsi, 21-22)
Tərəzisi ağır gələn kimsə xoş güzəran içində olacaq! (Qariə surəsi, 6-7)
Bundan başqa, bütün bu gözəl görüntüləri ona tamaşa etdirənin Allah olduğunu bilən insan bundan daha çox zövq alır. Məsələn, dərdiyi almanın təzə və gözəl qoxusunu alan və bu qoxunu, meyvənin estetik görünüşünü, dadını və gözəlliyini onun üçün yaradan Allah`ı düşünən insan bu görüntüdən digər insanların aldıqlarından daha böyük zövq alar. Cənnətdə də Allah hər mömin üçün cənnət görüntüsünü ayrı-ayrı yaradacaq və hər möminə nəfsinin istədiyi hər şeyin ən gözəlini orada verəcəkdir. İnsan dünyada və axirətdə tək dostu, vəlisi, qoruyucusu və yaradıcısı olan Allah ilə bərabərdir. İnsanın cənnətdə yanında görəcəyi peyğəmbərlər, elçilər, saleh möminlər, hurilər və qılmanlar isə Allah`ın dostluğunu, sevgisini və yaxınlığını ən çox təzahür etdirdiyi varlıqlardır.
Bu bir həqiqətdir ki, Allah`ın bizə verdiyi həyat hisslərimizin cəmidir. Bu həqiqəti anlayan səmimi insan Allah`ın ədalətindən, hər şeyi qüsursuz yaratmasından və Allah`ın yaratdığı hər şeyin ən gözəli və ən xeyirlisi olduğundan heç şübhələnməməlidir. Allah cənnəti də, cəhənnəmi də xəyal kimi görüntü içərisində yaradacaq. Ancaq bu həqiqət Allah`ın Qurandakı vədini dəyişdirmir. Cənnətdə insana ən böyük zövqlər və gözəlliklər sonsuza qədər bəxş edilərkən inkar edənlər üçün də cəhənnəmdə ən şiddətli əzablar sonsuza qədər davam edəcəkdir. Allah`ın yaratması qüsursuzdur və Allah vədindən dönməz.
Belələri yaxşı əməllərini qəbul edəcəyimiz, günahlarından keçəcəyimiz və onlara verilmiş doğru vədə görə cənnət əhli içərisində olacaq kimsələrdir! (Əhqaf surəsi, 16)
Ayələrdə də bildirildiyi kimi, cənnət hal-hazırda Allah qatında mövcuddur. Allah cənnəti və cəhənnəmi yaratmışdır və hər ikisi də hər halı və anları ilə Allah`ın hifzində hal-hazırda durur.
Etiraz:
Heç vaxt mütləq varlıqlar ilə üz-üzə gəlməyəcəyik? Davamlı olaraq xəyali mühitlə təmasda olduğumu bilmək məni narahat edir.
Cavab:
Tək mütləq varlıq Allah`dır. Gördüyümüz digər varlıqlar Allah`ın təzahürləridir. İnsanların ümumi qənaəti daima özlərinin və gördükləri digər varlıqların mütləq olmaları, Allah`ın isə radio dalğaları kimi onları əhatə etməsidir (Allah`ı tənzih edirik). Əslində isə tam doğru olan bunun əksidir. Yəni var olan yalnız Allah`dır. İnsanın Allah`ın zatını gözləri ilə görməməsi onu aldatmamalıdır. İnsan hara çevrilsə də, kimə baxsa da, əslində, görüb baxdığı hər yerdə Allah`ın təzahürləri vardır. Üstəlik, bu, insanı narahat etməz, əksinə, Allah`a iman gətirən insanın çox xoşuna gələcək həqiqətdir. Allah`ın tək mütləq varlıq, bizim isə xəyal olmağımız qul üçün şərəfdir. Belə bir həqiqət insana sevinc verir. Rəbbimizə olan heyranlığımızı və Onun sonsuz qüdrətinə olan təslimiyyətimizi qat-qat artırır.
Bundan başqa, insanın bütün dünyəvi istəklərini təbii olaraq aradan qaldıran, Allah`a heç bir şirk qoşmadan iman gətirməsini təmin edən vacib məlumatdır. Çünki insan Allah`dan başqa mütləq varlıq olduğunu dedikdə o varlığı Allah`a ortaq qoşur, ona Allah`ın gücündən başqa güc aid etmiş olur. Amma bu həqiqəti bilən insana belə vəziyyət şamil edilə bilməz. Belə bir insan Allah`dan başqa heç kimdən qorxmaz. Bir güc və ya imkan əldə etdikdə bunun Allah`a aid olduğunu bilir.
Allah`ın yaratdığı həmişə ən gözəl və ən xeyirlidir. Bu həqiqət heç vaxt unudulmamalıdır. Allah bir ayəsində belə bildirir:
Dön Rəbbinə, sən Ondan və O da səndən razı olmuş şəkildə! (Fəcr surəsi, 28)
İnsan daima Allah`ın yaratdığı hər hadisədən razı qalmalıdır. Onda bu məlumatın insanların Allah`a olan yaxınlıqlarını necə artıracağı daha yaxşı qavrana bilər. Bundan əlavə, bu böyük həqiqəti nəzərə alaraq Quran bir daha oxunduqda bir çox ayənin hikməti daha yaxşı başa düşülər.
Ancaq Allah`a iman gətirməyən, dünya həyatına bağlı olan, axirəti istəməyən, materialist fikrə malik olan insanlar üçün bu həqiqətin narahatlıq verən, vahiməli vəziyyət olması həqiqətdir. Çünki həvəslə bağlandıqları hər şeyin, mütləq varlıq zənn etdikləri şəxslərin gerçəkdə xəyalı ilə təmasda olduqlarını anlamaq onlar üçün böyük ümidsizlik və məhvdir. Bunu anladıqda bütün həyatları boyu xəyalın ardınca qaçaraq, həvəslənərək boş yerə yorulduqlarını anlayacaqlar və mənasız işlərlə məşğul olub, həqiqətləri inkar etdiklərini görüb çox peşman olacaq, hətta son dərəcə alçalacaqlar. Bu insanların xəyal olan şeyləri həqiqət zənn edərək aldanmaları isə onları axirətdə məhv edəcəkdir.
Onlar özlərinə zərər eləyənlərdir. Yalandan uydurduqları bütlər də onlardan uzaqlaşıb qeyb olacaqlar. Şübhəsiz ki, axirətdə də ən çox ziyana uğrayanlar onlardır! (Hud surəsi, 21-22)
Amma Allah`ı tək dost və vəkil kimi qəbul edən, Allah`a könüldən bağlı qullar üçün hər şeyin xəyal, Allah`ın tək mütləq varlıq olması böyük sevinc vəsiləsi və gözəllikdir.
Etiraz:
Xəyali mühitin sona çatması heçlikdir? İnsan bu heçliyin içində qala bilərmi?
Cavab:
İnsanların bu mövzu üzərində düşünmələrinə mane olan, onları qorxudan səbəblərdən biri bu mövzu üzərində fikirlərini cəm edərək dərindən düşündükdə özlərinin və toxunduqları hesab etdikləri cisimlərin əslini heç vaxt görə bilməyəcəklərini anlamaq və heçliyin içində qalmaqdan qorxmaqdır. Ancaq Allah`ın istəyi xaricində Allah bu imtahan dünyası üçün yaratdığı səbəbləri ortadan qaldırmaz. Bu səbəblər biz ölənə qədər bizim üçün yaradılmaqda davam edəcək.
Toxunduqda stolun bərkliyini hiss edəcəyik, əlimizi kəsdikdə əlimiz qanayacaq, ağrı hiss edəcəyik, aclıq, qorxu, ağrı, xəstəlik kimi imtahanları yaşayacağıq. Xəyallar dünyasında yaşamağımız bizi bu səbəblərə bağlı olmaqdan ayırmayacaq. Ölümümüzlə birlikdə isə yenə də heçlik olmayacaq, Allah`ın Quranda bildirdiyi kimi, fərqli ölçüyə və səbəblərə bağlı həyatımız başlayacaq. Beləliklə, insanın heçlik içində qalacağından qorxması yersizdir, çünki Allah bu imtahan mühitində insanı yaratdığı üçün bu hissləri yaratmaqda davam edəcək. Belə ki, Allah`ın Quranda bildirdikləri bu yöndədir. İnsanın dünya həyatına aid hissləri bitdikdə axirət həyatına dair hissləri başlayacaq və insan heç vaxt heçlik içində olduğunu hiss etməyəcək.
Etiraz:
Beynindən kənarda mövcud olan dünya ilə əsla təmasda olmayacağını anlayan insan üçün dünya həyatındakı imtahan davam edir?
Cavab:
Bu, çox mühüm məsələdir. Bəzi kütlələr bu həqiqətin qavranması ilə imtahan mühitinin sona çatdığını irəli sürərək səmimiyyətsiz düşüncə ortaya atırlar. Ancaq imtahan mühiti əvvəlki cavablarda da bildirildiyi kimi, biz ölənə qədər davam edir.
Allah bizi maddənin əsli ilə təmasda olmayacaq şəkildə yaşatsa da, bizə bu dünyanı müəyyən səbəblərə bağlı şəkildə göstərir. Məsələn, biz acdıqda bunun xəyal olduğunu, heç nə olmayacağını demirik, yemək yeyirik. Yemədikdə zəifləyər, bir müddət sonra həyatımızı itirə bilərik. Allah istədiyi vaxt istədiyi şəxsə istədiyi şeylər vasitəsi ilə bu səbəbləri aradan qaldıra bilər. Biz bunu bilmərik. Ancaq bu, çox vacib həqiqətdir: Allah bizim boynumuza Qurandakı hər şeyə görə məsuliyyət qoymuşdur və biz Qurandakı ibadətləri və saleh əməlləri yerinə yetirə bilmək üçün bu səbəblər çərçivəsində yaşamalıyıq.
Məsələn, Allah insanlara yaxşılığı əmr edib pislikdən çəkindirməyi əmr edir. Məzlum qadın və uşaqların zülmdən, sıxıntıdan xilas edilməsini əmr edir. Allah Quranda: "Nə üçün onlar üçün mübarizə aparmırsınız?" -deyə soruşur. Allah`ın bu səbəblər daxilində insanların üzərinə qoyduğu bu vəzifələri yerinə yetirməmək isə əsla doğru və səmimi davranış olmaz.
Əksinə, gördüyü hər hadisəni Allah`ın ona tamaşa etdirdiyini dərk edən insan gördüyü hər görüntüyə görə əvvəlcə məsuliyyət hiss edər. Bir çox insanın əksinə, qarşılaşdığı hər hadisədə daim yaxşılığı əmr edib pisliklərə mane olmağa çalışar. Bu vəzifəni heç vaxt başqalarına aid etməz, heç vaxt: "Bir azını da başqası etsin, mən bu qədər edə bilirəm", -deyə bunun kimi bəhanələr gətirməz. Bu elmə vaqif olan insan: "Allah mənə bu görüntünü göstərirsə, mənim bunu həll etməyimi istəyir, bunun məsuliyyəti mənim üzərimə düşür", -deyər.
Beləliklə, bir insan, əvvəla, Allah`ın Quranda onun üzərinə qoyduğu vəzifələri vicdanı ilə əlindən gəldiyi qədər yerinə yetirməlidir. Maddənin əslini bilmək və bu həqiqətə əsasən dünyaya dair fikir əldə etmək isə insanın Allah rizası üçün göstərdiyi cəhdi daha da gücləndirər, qətiyyətini qat-qat artırar.
Etiraz:
Allah`ın hər yerdə olduğunu söyləmək doğrudur? Allah`ın hökmranlığı göylərdə deyil?
Cavab:
İnsanlardan bəziləri özlərini, maddəni, ətraflarında gördükləri dünyanı mütləq varlıq zənn edirlər. Allah`ı isə (Allah`ı tənzih edirik) bu mütləq maddəni əhatə edən xəyal kimi düşünürlər və ya Allah`ı gözləri ilə görə bilmədikləri üçün: "Hər halda Allah bizim görə bilmədiyimiz bir yerdə, kosmosun və ya göyün uzaq bir yerindədir", -deyirlər (Allah`ı tənzih edirik). Bunların hamısı səhvdir.
Çünki Allah sadəcə göydə deyil, hər yerdədir. Allah tək mütləq varlıq kimi bütün kainatı, bütün insanları, yerləri, göyləri – hər yeri əhatə etmişdir və Allah bütün kainatda təzahür edir. Hara çevrilsəniz, Allah`ın üzü oradadır. Hədislərdə rəvayət edildiyinə görə, Peyğəmbərimiz (s.ə.v) Allah`ın göydə olduğunu söyləyən şəxsə doğru söylədiyini bildirmişdir. Ancaq bu rəvayət Allah`ın hər yerdə olması həqiqətinə zidd deyil. Belə ki, dünyanın sizin olduğunuz nöqtədəki şəxs əllərini göyə qaldıraraq Allah`a dua edərsə və Allah`ın göydə olduğunu düşünərsə, cənub qütbündə başqa hər hansı bir insan da eyni şəkildə Allah`a yönələrsə, şimal qütbündə birisi əllərini göyə qaldırarsa, Yaponiyadakı, Amerikadakı, ekvatordakı insan da eyni şəkildə əllərini göyə qaldıraraq Allah`a yönələrsə, bu halda, hər hansı sabit istiqamətdən bəhs etmək mümkün deyil. Eyni şəkildə, kainatın və kosmosun fərqli nöqtələrindəki cinlər, mələklər, şeytanlar da göyə doğru dua edərsə, hər hansı sabit göydən və ya istiqamətdən bəsh etmək mümkün olmayacaq, bütün kainatı əhatə edən vəziyyət olacaq. Siz hara üz tutsanız, Allah orada təzahür edir. Daha əvvəlki mövzularda da bildirildiyi kimi, Allah`ın üzünü görəcəyimiz bir çox Quran ayəsi ilə bildirilmişdir. Məsələn, Allah "Bəqərə" surəsinin 255-ci ayəsində: "...Onun kürsüsü göyləri və yeri əhatə etmişdir..." -deyə bildirir. "Hud" surəsinin 52-ci ayəsində isə: "Həqiqətən, Rəbbim nə etdiklərinizi biləndir!" -deyilərək Allah`ın insanları da, etdiklərini də bildiyi xəbər verilir.
Quranda da bildirildiyi kimi, Allah sadəcə göylərdə deyil. Allah hər yeri əhatə edəndir. Bu məlumat bizə Quran vasitəsilə verilir. Maddənin ardındakı sirr ilə bağlı həqiqətin izah edilməsi isə bu ayələrin insanlar tərəfindən daha yaxşı başa düşülməsinə və qavranmasına səbəb təşkil edir. Maddənin mütləq varlıq olmadığını anlayan insanlar Allah`ın hər an hər yerdə olduğunu, hər an onları gördüyünü və eşitdiyini, hər şeyə şahid olduğunu və onlara şah damarlarından daha yaxın olduğunu, hər dua edənin duasını eşitdiyi açıq şəkildə anlayacaqlar.