Allah Quranın bir çox ayəsində qeybi, yəni görünməyəni, bilinməyəni, şahid olunmayanı bilənin yalnız Özü olduğunu bildirir:
De: "Ey göyləri və yeri yoxdan yaradan, ey gizlini və aşkarı bilən Allah! Bəndələrin arasında ixtilafda olduqları barəsində Sən hökm edəcəksən!" (Zumər surəsi, 46)
De: "Qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilənin (Allah`ın) hüzuruna qaytarılacaqsınız. O da sizə nələr etdiyinizi xəbər verəcəkdir!" (Cumuə surəsi, 8)
(Allah): "Ey Adəm, bunların adlarını onlara bildir!"- dedi. (Adəm) onlara bunların adlarını xəbər verdikdə (Allah): "Mən sizə, göylərin və yerin gözə görünməyən sirlərini və sizin gizlində - aşkarda nə etdiyinizi bilirəm, söyləmədimmi?" - buyurdu. (Bəqərə surəsi, 33)
Ümumiyyətlə, qeybin sadəcə gələcəyə aid məlum olmayan məlumatlar olması düşünülür, əslində, həm keçmiş, həm də gələcək qeybdir. Keçmişdə yaşananlar da, gələcəkdə yaşanacaqlar da Allah qatında qorunan məlumatlardır. Ancaq Allah Öz qatında olan qeyb məlumatlarından bəzilərini insanların hafizəsinə verərək bunları məlum olan, yəni müşahidə edilən hala salmışdır. Məsələn, Allah Quranda keçmişə dair məlumatlar verərək Peyğəmbərimizə (s.ə.v) bunların qeyb xəbərləri olduğunu xəbər verir:
Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. Səbir et. Həqiqətən, (gözəl) aqibət müttəqilərindir! (Hud surəsi, 49)
Bu, sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Onlar hiylə quraraq əlbir iş gördükləri zaman sən ki onların yanında deyildin! (Yusif surəsi, 102)
Allah Peyğəmbərimizə (s.ə.v) hələ yaşanmamış bəzi hadisələrdən də xəbərlər vermişdir ki, bunlar gələcəyə dair qeyb xəbərləridir. Məsələn, Məkkənin fəthi (Fəth surəsi, 27) və Romanın bütpərəstlər üzərində qalibiyyəti (Rum surəsi, 3-4), bu hadisələr hələ yaşanmadan əvvəl Peyğəmbərimizə (s.ə.v) bildirilmişdir. Peyğəmbərimizin (s.ə.v) qiyamət əlamətləri, axır zaman kimi mövzulardakı hədisləri də o dövrün bütün insanları üçün qeyb olan bu məlumatları Allah`ın ona öyrətdiyini göstərir. Quranda peyğəmbərlərə və digər bəzi saleh möminlərə də qeybdən xəbərlər verildiyi açıqlanır. Məsələn, hz. Yusifə qardaşlarının tələlərinin boşa çıxacağı xəbər verilmiş (Yusif surəsi, 15), hz. Musanın anasına körpə oğlunun fironun zülmündən qurtulacağı və peyğəmbər olacağı vəhylə açıqlanmışdır (Qəsəs surəsi, 7).
Beləliklə, bizim keçmiş və gələcək adlandırdığımız hadisə və məlumatların hamısı Allah qatında gizli saxlanılan qeyb xəbərləridir. Allah istədiyi vaxt istədiyi şəxsin hafizəsinə bu xəbərlərdən bəzilərini verərək qeybin bir qismini açıqlayır. Müşahidə edilə bilən, yəni görünə bilən, şahid olunmuş bu hadisələr insanlar tərəfindən keçmiş kimi dəyərləndirilir.