Xarici dünya olmadan hisslərin çox həqiqi şəkildə yaşana biləcəyinə dair dövrümüzün texnologiyasında da çox əhəmiyyətli nümunələr var. Xüsusilə son illərdə böyük irəliləyiş göstərən "xəyali gerçəklik" anlayışı çox diqqət çəkir.
Xəyali gerçəklik ən sadə formada kompyuterdə canlandırılan üç ölçülü görüntülərin bəzi cihazlar vasitəsilə insanlara gerçək dünya kimi göstərilməsidir. Bu gün bir çox sahədə fərqli məqsədlərlə istifadə edilən bu texnologiya bu səbəbdən "süni həqiqət", "xəyali dünyalar", "xəyali mühit" kimi də adlandırılır. Xəyali gerçəkliyin ən əhəmiyyətli xüsusiyyəti odur ki, xüsusi alətlərdən istifadə edən şəxs gördüyü görüntünü həqiqi zənn edir, hətta bu görüntünün içinə dalır. Ona görə, son illərdə xəyali gerçəklik ifadəsinin ingiliscə qarşılığının əvvəlində "immersive" sözündən də istifadə edilir və bu sözün mənası "batırmaq, qərq etmək, içinə dalmaq"dır. (İmmersive Virtual Reality: daldıran xəyali gerçəklik).
Xəyali dünya əmələ gətirmək üçün istifadə edilən alətlər görüntünü göstərən ekranı olan kaska, toxunma hissi verən elektron əlcəkdir. Kaskanın içindəki alət isə davamlı olaraq başın hərəkətlərinə və istiqamətinə nəzarət edərək görüntünün başın istiqaməti və duruşu ilə mütənasib şəkildə ekrana gəlməsini təmin edir. Bəzən otaq böyüklüyündəki kubşəkilli yerin bütün divarlarında və döşəməsində stereo görüntülər əks etdirilir və bu otağa girən insanlar taxdıqları stereo eynəklərlə otaqda dolaşaraq özlərini tamamilə başqa məkanlarda, məsələn, şəlalə kənarında, dağın zirvəsində, dənizin ortasındakı gəminin göyərtəsində günəş şüaları altında dincələrkən görə bilərlər. Başa taxılan kaskalar üç ölçülü, dərinlik və məkan hissi olan görüntülər əmələ gətirirlər. Görüntülər insan ölçüləri ilə nisbətdə verilir və əlcək kimi bəzi alətlərlə toxunma hissi təmin edilir. Beləliklə, bu alətlərdən istifadə edən edən şəxs gördüyü xəyali dünyadakı əşyalara toxuna bilir, onların yerlərini dəyişdirə bilirlər. Bu məkanlarda insanın gördüyü görüntüdəki səslər də son dərəcə inandırıcıdır. Səs hər tərəfdən fərqli dərinliklərdə verilir. Bəzi hallarda dünyanın müxtəlif yerlərindəki bir neçə insana eyni xəyali mühit göstərilə bilir. Beləliklə, məsələn, dünyanın müxtəlif ölkələrindən, hətta müxtəlif qitələrindən üç insan özlərini digərləri ilə birlikdə motorlu qayığa minərkən görə bilirlər.
Xəyali dünyanın əmələ gətirilməsi üçün lazım olan alətlərdə istifadə edilən sistem beş duyğu orqanımızın sistemi ilə eynilik təşkil edir. Məsələn, istifadəçinin əlinə taxdığı əlcəyin içindəki mexanizmin təsiri ilə barmaq uclarına bəzi siqnallar verilir və bu siqnallar beyinə ötürülür. Beyin bu siqnalları şərh etdikdə bu şəxs ətrafında olmadığı halda, ipək xalıya və ya üstü girintili-çıxıntılı olan vazaya toxunduğunu hiss edir.
Xəyali gerçəkliyin istifadə edilməyə başlandığı vacib sahələrdən biri tibbdir. Miçiqan Universitetində təkmilləşdirilən texnika ilə həkimliyə namizədlər və xüsusilə təcili yardım xidməti işçiləri süni əməliyyatxana mühitində təlim keçirlər. Burada otağın yerində və divarlarında əməliyyatxana ilə bağlı görüntülər, əməliyyatxananın ortasına isə əməliyyat stolu və xəstə görüntüsü əks etdirilir. Həkimliyə namizədlər isə üç ölçülü eynəklərini taxaraq bu xəyali xəstə üzərində əməliyyata başlayırlar. Şəkillərdən də göründüyü kimi bu şəkli görən bir insan hansının gerçək, hansının xəyali olduğunu anlamayacaqdır.
Bu nümunələrdə də göründüyü kimi, süni siqnallarla gerçək olmayan dünya gerçək kimi göstərilə bilir. Son illərdə çəkilən bəzi məşhur filmlərin bu mövzuya toxunması da son dərəcə diqqət çəkir. Məsələn, "The matrix" adlı Hollivud filmində filmin iki qəhrəmanı kresloda uzanmış vəziyyətdə ikən sinir sistemlərinə kompyuter qoşulduqda özlərini tamamilə başqa məkanlarda görürlər. Bir səhnədə uzaq şərq idman növü ilə məşğul olarkən, başqa birində isə özlərini başqa paltarlarda bir çox insanın olduğu küçədə gəzərkən görürlər. Filmin qəhrəmanı yaşadıqlarının həqiqiliyi qarşısında bunların kompyuter vasitəsilə əmələ gətirilən görüntülər olduğuna inana bilmədiyini söylədikdə isə kompyuter tərəfindən görüntü dondurulur və bu şəxs həqiqi sandığı dünyanın, əslində, bir görüntü olduğuna inandırılır.
Beləliklə, dövrümüzün texnologiyası ilə süni siqnallarla süni görüntülər, başqa sözlə, süni dünya əmələ gətirmək mümkündür. Bu süni görüntülərin həqiqilərindən heç bir fərqi olmadığı təcrübədən keçirənlər tərəfindən ifadə edilir. Elə isə biz də hər an gördüyümüz həyat görüntüsündə təmasda olduqlarımızın mütləq əsillərinin olduğunu iddia edə bilmərik. Çünki bu hisslərimizin səbəbi çox fərqli mənbə ola bilər.