Əvvəlki bölmədə də izah etdiyimiz kimi, Allah bizim üçün keçmiş və gələcək bütün hadisə və varlıqları tək bir anda yaratmışdır. Quranda bütün insanların və varlıqların qədərlərinin Allah qatında "Lövhi-məhfuz" adlandırılan əsas kitabda qorunduğu belə bildirilir:
... Dərgahımızda (hər şeyi) hifz edən bir Kitab vardır! (Qaf surəsi, 4)
Göylərdə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın Kitabda (Lövhi-məhfuzda) olmasın! (Nəml surəsi, 75)
Allah başqa ayələrində də göylərdə və yerdə olan hər şeyin bu kitabda olduğu həqiqətini belə xəbər verir:
İnkar edənlər: "Qiyamət bizə gəlməyəcəkdir!" - dedilər. De: "Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, qiyamət sizə gələcəkdir. Nə göylərdə, nə də yerdə zərrə qədər bir şey Ondan gizli qalmaz. Bundan kiçik, yaxud böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın!" (Səba surəsi, 3)
Ayələrdə də bildirildiyi kimi, kainat yaradıldığından bəri mövcud olan canlı-cansız hər şey, baş verən hər hadisə Allah`ın yaratmasıdır və ona görə, bunlardan Onun xəbəri vardır; yəni bütün bunlar Allah`ın hifzindədir. Lövhi-məhfuz da Allah`ın Hafiz sifətinin bir təzahürüdür.