logo

Maddənin həqiqəti tək mütləq varlığın Allah olduğunu göstərir

Bu elmin göstərdiyi ən vacib məsələlərdən biri tək mütləq varlığın Allah olduğu həqiqətidir. Materialist fəlsəfələrin təsirinə düşərək maddənin mütləq varlıq zənn edən bəzi insanlar Allah`ın varlığını və harada olduğunu izah edərkən son dərəcə səhv və cahil üslubdan istifadə edirlər. Məsələn, "Allah haradadır?" sualına: "Mənə ağlını göstər, göstərə bilməzsən. Elə Allah da ağıl kimi bir həqiqətdir, ancaq görünmür", - deyərək cahil cavab verirlər. Bəziləri isə (Allah`ı tənzih edirik) öz ağıllarına görə, Allah`ı xəyal kimi göstərir, Allah`ın varlığını radio dalğalarına bənzədirlər (Allah`ı tənzih edirik). Onların batil fikirlərinə əsasən, özləri və sahib olduqları hər şey mütləq varlıqlardır və Allah`ın varlığı isə bu maddi varlıqları radio dalğaları kimi əhatə edir. Əslində isə, xəyal olan özləri və sahib olduqlarıdır. Tək mütləq varlıq isə Allah`dır. Allah`ın varlığı hər şeyi əhatə etmişdir. İnsan isə heç cür mütləq varlıq olmayacağı üçün görüntüdür.

Bu həqiqəti Rəbbimiz bir ayədə belə bildirir:

Allah... başqa heç bir tanrı yoxdur. Əbədi, əzəli varlıq Odur. O, nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa Onundur. Allah`ın izni olmadan Onun qatında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allah`ın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! (Bəqərə surəsi, 255)

Bu həqiqətin başa düşülməsi ilə şirk qoşmadan, tək Allah`a iman əmələ gəlir. Çünki Allah`dan başqa bütün mövcudiyyatın kölgə varlıq olduğunu bilən insan qəti imanla (haqqəl-yakin dərəcəsində): "Yalnız Allah var, Ondan başqa ilah yoxdur", - deyir.

Allah`ı gözləri ilə görmədiyi üçün Allah`ın varlığına inanmayanların materialist iddiaları da maddənin həqiqi mahiyyəti öyrənildikdə tamamilə məhv olur. Çünki bu həqiqəti öyrənən şəxs öz varlığının xəyal şəklində olduğunu anlayar. Xəyal olan varlığın isə mütləq olan varlığı görə bilməyəcəyini dərk edər. Belə ki, Quranda insanların Onu görə bilmədiyi, amma Özünün onları gördüyünü Rəbbimiz belə açıqlayır:

Gözlər Onu dərk etməz. O, gözləri dərk edər. (Ənam surəsi, 103)

Əlbəttə, biz insanlar Allah`ın varlığını gözlərimizlə görə bilmərik. Amma bilirik ki, Allah bizim daxilimizi, zahirimizi, baxışlarımızı, düşüncələrimizi tamamilə əhatə etmişdir. Buna görə, Allah Quranda Özünün qulaqlara və gözlərə sahib olan (Yunus surəsi, 31) olduğunu bildirir. Allah`ın bilmədiyi bir söz belə deyə bilmərik, hətta nəfəs belə ala bilmərik. Allah bizim etdiyimiz hər şeyi bilir, bu Quranda da belə bildirilmişdir:

Yerdə və göylərdə heç bir şey Allah`dan gizli qalmaz. (Ali-İmran surəsi, 5)

Allah`ın hər an bizi gördüyü, eşitdiyi çox mühüm həqiqətdir. Bu həqiqəti anlayan insan Allah`ı gözləri ilə görməsə də, Onun hər an ondan xəbərdar olduğunu bilər. Buna görə, nə iş görürsə görsün, Allah`ın şahid olduğunu bilərək Allah`ın razı olmadığı davranışdan, danışıqdan, baxış və ya düşüncədən çəkinər. Allah hər işimizdə bizə yaxın olduğunu, bizi gördüyünü və heç bir şeyin Ondan uzaq olmadığını bildirir:

Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın! (Yunis surəsi, 61)

Tək mütləq varlıq olan Allah, əlbəttə, bir xəyal kimi yaratdığı insanı hər cəhətdən tanıyır. Bu, Allah üçün çox asandır. Ancaq bəzi insanlar cahil olduqları üçün bunu başa düşməkdə çətinlik çəkirlər. Əslində, xarici aləm hesab etdiyimiz hisslərə tamaşa edərkən, yəni həyatımıza davam edərkən bizə ən yaxın olan varlığın hər hansı hiss deyil, Allah`ın Özü olduğu açıq-aşkar həqiqətdir. Quranda yer alan "And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq! (Qaf surəsi, 16)" ayəsinin sirri də bu həqiqətin içində gizlənir. Amma insan öz bədəninin mütləq varlıq olan maddədən ibarət olduğunu zənn etdikdə bu mühüm həqiqəti qavraya bilməz. Çünki özünə ən yaxın olanın yenə öz bədəni olduğunu zənn edir. Məsələn, bu insan varlığını beyni kimi dərk edirsə, ona şah damarından daha yaxın varlıq olacağını düşünməz. Həqiqətdə isə maddənin mütləq olmadığını, hər şeyin zehnində yaşadığı xəyallar olduğunu dərk etdikdə artıq çöl, içəri, uzaq, yaxın kimi anlayışların mənası qalmır. Şah damarı da, beyni, əli, ayağı, özündən kənarda zənn etdiyi evi, avtomobili və hətta çox uzaqda hesab etdiyi Günəş, Ay, ulduzlar da tək bir səth üzərindədir. Allah onu hər tərəfdən əhatə etmişdir və ona sonsuz dərəcədə yaxındır.

Allah insanlara sonsuz yaxın olduğunu "Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam... (Bəqərə surəsi, 186)" ayəsi ilə bildirir. Başqa bir ayədə işlədilən "Rəbbin insanları ehtiva etmişdir. (İsra surəsi, 60)" ifadəsi də eyni həqiqətdən xəbər verir. Buna baxmayaraq, bəzi insanlar özlərinə ən yaxın varlığın yenə özləri olduğunu hesab edərək yanılırlar. Lakin Allah bizə özümüzdən belə daha yaxındır. "(Can) boğaza yetişdiyi zaman. Siz baxıb durursunuz. Biz ona sizdən daha yaxınıq, amma siz görmürsünüz! (Vaqiə surəsi, 83-85)" ayələrində insana ən yaxın varlığın Allah olduğu həqiqətinə bir daha diqqət çəkilmişdir. Həqiqətən də, ölüm yatağındakı və ya xəstə yatan insan xəta ilə o an özünə ən yaxın varlığın başının üstündəki həkimi və ya onu qucaqlayan anası və ya əlini tutan, ona toxunan yaxını olduğunu düşünə bilər. Ancaq ayədə də bildirildiyi kimi, Allah o anda ona hamısından daha yaxındır. Həm də təkcə o an deyil, insan ilk dəfə mövcud olduğu andan etibarən ona ən yaxın olan yeganə varlıq Allah`dır. Lakin insanların bir qismi gözləri ilə görmədikləri üçün bu həqiqətdən xəbərsiz yaşayırlar.

Allah`ın məkandan asılı olmadığı və hər yeri tamamilə əhatə etdiyi həqiqəti başqa bir ayədə də belə bildirilir:

Şərq də, qərb də Allah`ındır: hansı tərəfə yönəlsəniz, Allah oradadır. Şübhəsiz ki, Allah genişdir, biləndir! (Bəqərə surəsi, 115)

Allah başqa bir ayəsində isə bu həqiqəti belə açıqlayır:

Göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Odur. O, yerə girəni də, çıxanı da, göydən enəni də, qalxanı da bilir. Siz harada olsanız, O sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir! (Hədid surəsi, 4)

Bütün bu danışılanlardan çıxan nəticə budur: tək və həqiqi mütləq varlıq Allah`dır. Allah elmi ilə kölgə varlıq olan insanı və digər hər şeyi əhatə etmişdir. Bir ayədə: "Sizin tanrınız ancaq O Allah`dır ki, Ondan başqa heç bir tanrı yoxdur. O, elm ilə hər şeyi ehtiva etmişdir! (Taha surəsi, 98)" - deyilərək bu həqiqətə işarə edilir. Allah Quranda başqa bir ayədə insanlara belə bir qəflət barədə xəbərdarlıq etmişdir:

Bil ki, onlar öz Rəbbi ilə qarşılaşacaqları barədə şəkk-şübhə içindədirlər. Və yenə bil ki, O, hər şeyi ehtiva edəndir! (Fussilət surəsi, 54)