logo

Maddənin həqiqətinin bilinməsi materializmin sonudur

Həyatımız boyu maddənin əsli ilə təmasda olmadığımız həqiqətindən ən çox qorxu və təşvişə düşənlər, əlbəttə, materialist fəlsəfəyə bağlananlardır. Bunun səbəbini daha yaxşı görmək üçün materializmin ümumi tərifinə baxmaq kifayətdir. Materialistlərin öz mənbələrində materializmin azğın fəlsəfəsi belə tərif edilir:

Materializm dünyanın əzəli və əbədiliyini (əvvəli və sonu olmadığını), Tanrı tərəfindən yaradılmadığını və zaman və məkanda sonsuzluğunu qəbul edir.36

Meydan Larus Ensiklopediyasının 8-ci cildində isə materialist fəlsəfə belə tərif edilir:

Materializm maddədən başqa hər hansı bir cövhərin varlığını qəbul etməyən təlimdir. Bütün həqiqətlərin cövhərini və əsasını ruhun meydana gətirdiyini söyləyən ruhçuluğun əksidir...

Bu qısa təriflərdən də göründüyü kimi, materialist fəlsəfə maddəni tək mütləq varlıq kimi qəbul edir və maddədən başqa heç bir varlığı və ya məfhumu qəbul etmir. Məsələn, materialist fəlsəfə ruhun varlığını qəbul etmir, insan şüurunu beyinin fəaliyyətlərinin məhsulu kimi görür (materialistlərin bu iddialarının əsassızlığına "materializmin düşdüyü ən böyük çıxılmaz vəziyyətlərdən biri: insan şüuru" başlıqlı bölmədə yer verilmişdir). Bu kitab boyu izah edilənlərin ən vacib və tarixi cəhəti isə materialist fəlsəfəni tamamilə əsassız etməsidir. Çünki bu gün artıq açıq şəkildə bilinir ki, maddə dediyimiz şeylərin sadəcə zehnimizdəki hallarını bilirik və zehnimizdən kənarda maddənin necə olduğunu göstərməyimiz mümkün deyil. Çünki zehnimizdən kənara çıxıb maddə dediyimiz şeyin əsli ilə təmasda olmağımız mümkün deyil. İki cümlə ilə tərif edilən bu həqiqəti qəbul etdikdən sonra artıq ortada nə maddə, nə materializm qalır. Xarici aləmdəki maddi varlıqlarla heç vaxt təmasda ola bilməyəcəyimizə görə, heç vaxt görməyəcəyimiz maddələr haqqında fəlsəfə yürütməyin, onlar haqqında fikir söyləməyin məntiqsizliyi və lüzumsuzluğu da açıq şəkildə ortadadır.

Elə materialist fəlsəfə tərəfdarlarının maddənin ardındakı bu vacib sirrin açıqlanmasından son dərəcə narahat olmalarının, bu sirrin çox açıq olduğuna baxmayaraq, onu anlamaq istəməməklərinin əsas səbəbi bu mövzunun fəlsəfələrinin sonunu gətirdiyini anlamalarıdır. Tarix boyu bütün materialistlər maddənin həqiqətinin açıqlanmasından, hətta materializm tərəfdarlarının bu həqiqəti izah edən kitabları oxumalarından çox narahat olmuşlar və bunu dilə gətirmişlər. Rusiyadakı qanlı kommunist inqilabının liderlərindən biri olan Vladimir İ. Lenin təxminən bir əsr əvvəl yazdığı "Materializm və empiriokritisizm" adlı kitabında tərəfdarlarını bu həqiqətə qarşı belə xəbərdar edir: Duyğularımızla qavradığımız maddi həqiqəti bir dəfə inkar etdinsə, şübhəçiliyə (agnostisizm) və fərdiliyə (subyektivizmə) meyil edəcəyin üçün fideizmə (dini inanca) qarşı istifadə edəcəyin bütün silahları itirərsən; bu da fideizmin istədiyi şeydir. Barmağını verdinsə, əvvəlcə qolun, sonra bütün mənliyin gedər. Duyğuları maddi dünyanın görüntüsü kimi deyil, xüsusi bir komponent kimi aldıqda, başqa sözlə, materializmə güzəştə getdikdə, mənliyini fideizmə verərsən. Sonra duyğular heç kimin duyğularına çevrilər, zəka heç kimin zəkası, ruh heç kimin ruhu, iradə heç kimin iradəsi olar.37

Bu sətirlər Leninin böyük qorxu ilə anladığı və həm öz başından, həm də tərəfdaşlarının başlarından silmək istədiyi həqiqətin materialistləri nə qədər narahat etdiyini göstərir. Ancaq dövrümüzün materialistləri Lenindən də narahatdırlar. Çünki bu həqiqət bundan 100 il əvvələ nisbətən daha açıq, qəti və güclü şəkildə ortaya qoyulmuşdur.

Keçmişdə hər hansı bir fəlsəfə və ya izah kimi düşünülən bu mövzu bütün dünya tarixində ilk dəfə bu qədər qarşısı alınmaz şəkildə və elmi tapıntılara əsaslanaraq izah edilir. Elmi yazıçı Linkoln Barnet bu mövzunun təkcə sezilməsinin belə materialist elm adamlarını qorxu və həyəcana saldığını belə bildirir:

Filosoflar bütün maddi həqiqətləri hisslərdən ibarət kölgə dünya formasına salarkən elm adamları insan hisslərinin hüdudlarını qorxu və həyəcanla sezdilər.38

Ölkəmizdə və bütün dünyada bu mövzu ilə qarşılaşan hər materialistdə bu qorxu və həyəcan çox güclü şəkildə üzə çıxır. Məsələn, ölkəmizdə fəlsəfələrinin əsası olan təkamül nəzəriyyəsinin elmi cəhətdən çökdürülməsində onsuz da ciddi sarsıntı keçirən materialistlər indi də darvinizmdən daha vacib əsaslarını, məhz maddənin özünü itirdiklərini anlamağa başlamışlar. Buna görə, mövzunun əhəmiyyətinə diqqət çəkərək bu mövzunun öz fikirlərinə görə, ən böyük təhlükə olduğundan, öz sivil quruluşlarını tamamilə yıxdığından bəhs edirlər.

Əslində bu, Allah`ın Quranda inananlara bildirdiyi vədinin təzahürüdür. Haqqın ortaya çıxdığı yerdə batil olan fikirlər yox olmağa məhkumdur.

De: "Haqq gəldi, batil yox oldu. Çünki batil yoxluğa məhkumdur! (İsra surəsi, 81)

Xeyr, Biz batili haqla rədd edərik və o da onu yox edər. (Bir də baxıb görərsiniz ki) o yox olub getmişdir. (Batil sözlərlə Allah`a) isnad etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi, 18)

Materializm bəşəriyyət tarixi boyu mövcud olmuşdur. Bu fəlsəfəni müdafiə edənlər maddəni özlərinə dəlil qəbul edərək onları yoxdan var edən, heç ikən onlara can verən, içində yaşaya biləcəkləri kainat yaradan Allah`a qarşı çıxmışlar. "Maddə varsa, Allah bu maddənin harasında ola bilər?" kimi səthi və cahil məntiqlərlə Allah`ın varlığını inkar edən və insanların da inkar etmələri üçün səy göstərən bu şəxslər dövrümüzdə ən böyük əsaslarının məhv olduğuna şahid olurlar. Çünki burada bəhs edilən həqiqət fəlsəfələrini kökündən məhv edir, bu barədə mübahisəyə belə imkan vermir. Bütün düşüncələrini, həyatlarını, təkəbbürlərini və inkarlarını üzərində qurduqları maddə əllərindən bir anda uçub getmişdir. Materialistlər tarix boyu bir-birlərinə inkarı və inkar metodlarını miras qoymuşlar. Leninin yuxarıdakı sözlərindən bu gün bir çox materialist istifadə edir və tərəfdarlarına bu həqiqəti dinləməmələrini, oxumamalarını tövsiyə edirlər. Ancaq elmin maddənin mahiyyəti ilə bağlı bu həqiqəti açıq şəkildə üzə çıxartması və internet kimi texnoloji imkanlarla bütün dünyaya məlumatın çatdırılmasının son dərəcə asan və sürətli olması onların bu səylərini boşa çıxarır. Çünki insanlar böyük sürətlə bu həqiqəti oxuyur, öyrənir və qavrayırlar. Yaxın keçmişə qədər materializmi ən əsaslı dünyagörüşü kimi qəbul edənlər bu gün böyük heyrət və təəccüblə dünya həyatının və maddənin gerçək yönünü öyrənirlər. Elə bu, Allah`ın inkar edənlərə qurduğu möhtəşəm tələdir. İnkarçılar tarix boyu Allah`ı inkar etmək üçün necə təhrifedici şəkildə maddəni tanrı qəbul edərək öz geri qalmış ağılları ilə dinə tələ qurduqlarını hesab etdilərsə, Allah da qarşılığında onların saxta tanrılarını əllərindən alacaq mühit yaratmış və onları öz tələlərinə salmışdır. Allah tarix boyu inkar edənlərin tələlərinə verdiyi bu qarşılığı belə bildirir:

... Sənə qarşı hiylə qururdular. Allah da tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır! (Ənfal surəsi, 30)

Allah insanlara maddənin əsli ilə təmasda olduqları hissini verərək materialistləri tələyə salmış və onları tarixdə tayı-bərabəri görünməmiş şəkildə alçaltmışdır. Mallarını, mülklərini, mövqelərini, içində olduqları cəmiyyəti, bütün dünyanı və əslində, xəyaldan ibarət olan hər şeyi mütləq varlıq hesab etmişlər. Üstəlik, bunlara güvənərək Allah`a qarşı təkəbbür göstərmişlər. Öz ağıllarına görə lovğalanaraq Allah`a üsyan etmiş və inkarda daha da irəli getmişlər. Bunları edərkən güc aldıqları tək şey maddə olmuşdur. Amma elə bir anlayış çatışmazlığı içinə düşmüşlər ki, Allah`ın onları hər tərəfdən əhatə etdiyini heç düşünməmişlər. Allah inkarçıların anlayışsızlıqları nəticəsində düşəcəkləri vəziyyəti Quranda belə xəbər vermişdir:

Yoxsa bir tələ qurmaq istəyirlər? Amma kafirlər özləri o tələyə düşəcəklər! (Tur surəsi, 42)

Materialistlər tarixin ən böyük məğlubiyyətinə addım-addım yaxınlaşarkən bunun fərqində belə olmamışlar. Məsələn, bütün görüntülərin beyində qavrandığını kəşf edərkən bunun öz inanclarını kökündən çökdürəcəyini nəzərə almamışlar. Materialist elm adamı apardığı tədqiqatlar nəticəsində bütün gördüyü şeylərin həqiqətdə hesab etdiyi kimi olmadığını, əksinə, beynində meydana gələn görüntülərlə təmasda olduğunu sübut edərək materialist inancına öz əlləri ilə zərbə vurmuşdur. Allah inkar edənlərin öz qurduqları tələyə şüursuzluqla düşdüyünü bir ayədə belə bildirir:

Beləliklə, hər bir obanın günahkarlarını oranın başçıları təyin etdik ki, onlar orada bacardıqları qədər məkrlə məşğul olsunlar. Onlar yalnız özlərinə qarşı məkr edərlər, lakin fərqinə varmazlar. (Ənam surəsi, 123)

Şübhəsiz, bu həqiqəti anlamaq materialistlər üçün çox dəhşətli hadisədir. Çünki sahib olduqları hər şeyin sadəcə xəyali görüntüləri ilə təmasda olmaları onlar üçün hələ dünyada ikən "ölmədən ölüm" hökmüdür.

Bu həqiqətlərlə birlikdə bir Allah, bir də özləri qalmışdır. Belə ki, Allah "Məni Öz yaratdığım kimsə ilə tək burax! (Muddəssir surəsi, 11)" ayəsi ilə hər insanın Onun qatında tamamilə tənha olması həqiqətinə diqqət çəkmişdir. Bu qeyri-adi həqiqət daha bir çox ayədə xəbər verilmişdir:

Siz Bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha, özü də sizə verdiyimizi arxanızda qoyub gəlmisiniz... (Ənam surəsi, 94)

Onların hamısı qiyamət günü Onun hüzuruna gələcək. (Məryəm surəsi, 95)

Allah başqa bir ayəsində isə axirət günüdə inkar edənlərə belə müraciət edəcəyini bildirir:

O gün onların hamısını toplayacaq, sonra şərik qoşanlara deyəcəyik: "İddia etdiyiniz şərikləriniz haradadır?! (Ənam surəsi, 22)

Bunun ardından inkar edənlər dünyada var olduğunu zənn edərək Allah`a şirk qoşduqları mallarının, övladlarının, ətraflarının özlərindən uzaqlaşdığına və tamamilə yox olduğuna şahid olacaqlar. Allah bu həqiqəti də "Gör onlar özlərinə qarşı necə yalan dedilər. Özlərindən uydurub düzəltdikləri bütlər də onlardan qeyb oldular! (Ənam surəsi, 24)" ayəsi ilə xəbər vermişdir.

XXI əsr bu həqiqətin bütün insanların arasında yayılacağı, materializmin isə yer üzündən silinəcəyi tarixi dönüş nöqtəsidir. Bu həqiqəti görə bilən insanların keçmişdə nəyə inandıqları, nəyi nə üçün müdafiə etdikləri vacib deyil. Vacib odur ki, həqiqəti gördükdən sonra buna qarşı çıxmamaq, ölümlə birlikdə onsuz da açıq-aydın başa düşüləcək bu həqiqəti gec olmadan anlamaqdır. Unutmaq olmaz ki, həqiqətlərdən qaçmaq mümkün deyil.