Zamanın nisbiliyi ilə bağlı açıqlamalardan və ayələrdən göründüyü kimi, zaman hiss ilə bağlı dəyişən, qeyri-sabit anlayışdır. Məsələn, bizim üçün milyonlarla il davam edən zaman kəsiyi Allah qatında bir andır. Bizim üçün 50 min illik müddət mələklər və Cəbrayıl üçün bir gündür.
Bu həqiqətin bilinməsi qədər mövzusunun qavranması üçün çox vacibdir. Çünki qədər Allah`ın keçmiş və gələcək bütün hadisələri tək bir an içərisində yaratmasıdır. Bu da Allah qatında kainatın yaradıldığı andan qiyamətə qədər olan hər hadisənin yaşanmış və bitmiş olması deməkdir. İnsanların bir çoxu Allah`ın hələ yaşanmamış hadisələri əvvəlcədən necə bildiyini, Allah qatından keçmiş və gələcək bütün hadisələrin necə yaşanıb bitdiyini və qədərin gerçəkliyini heç cür qavraya bilmirlər. Əslində isə, yaşanmamış hadisələr bizim nöqteyi-nəzərimizdən yaşanmamış hadisələrdir. Çünki biz Allah`ın yaratdığı zamana bağlı şəkildə yaşayırıq və hafizəmizə verilən məlumatlar olmadan heç nə bilə bilmərik. Allah dünyadakı imtahan mühitinə görə, gələcək adlandırdığımız hadisələri hafizəmizə vermədiyi üçün gələcəkdə nə olacağını da bilmərik. Allah isə zaman və məkandan asılı deyil, onsuz da bunların hamısını yoxdan yaradan Özüdür. Buna görə, Allah üçün keçmiş, gələcək və hal-hazırkı an hamısı birdir və hamısı olub bitmişdir. Allah bir hadisənin sonunu görmək üçün gözləmir. Onsuz da bir hadisənin əvvəli də, sonu da Onun qatında tək bir anda yaşanır. Məsələn, fironun sonunun necə olduğunu Allah hələ hz. Musanı firona göndərmədən, hz. Musa hələ doğulmadan, hətta Misir dövləti hələ qurulmadan əvvəl bilir və bütün bu hadisələr fironun sonu ilə birlikdə Allah qatında tək bir an kimi yaşanmışdır. Bundan əlavə, Allah üçün keçmişi xatırlama deyə bir şey də yoxdur. Keçmiş və gələcək hazır olaraq Allah`ın daima qarşısındadır, hamısı eyni anda mövcuddur.
İnsan bütün həyatını film kimi düşünərsə, biz bu filmə CD-də baxırmış kimi baxırıq və filmi qabağa çəkmək imkanımız yoxdur. Allah isə bu filmi bütünlüklə eyni anda görür və bilir. Onsuz da bu filmi bütün incəlikləri ilə müəyyən edən və yaradan Odur. Biz bir xətkeşin başını, ortasını və sonunu necə bir anda görə biliriksə, Allah da bizim bağlı olduğumuz zamanı başından sonuna qədər tək bir an olaraq əhatə etmişdir. İnsanlar isə sadəcə zamanı gəldikdə bu hadisələri yaşayaraq Allah`ın onlar üçün yaratdığı qədərə şahid olurlar. Bu, dünyadakı bütün insanların qədəri üçün də əsaslıdır. Bu günə qədər yaradılmış və bu gündən sonra da yaradılacaq bütün insanların dünya və axirətdəki həyatları hər anları ilə Allah`ın qatında hazır və yaşanmış şəkildə mövcuddur. Allah`ın sonsuz hifzində milyardlarla insanla birlikdə bütün canlıların, planetlərin, bitkilərin, əşyaların qədərində yazılmış hadisələr də heç əskilmədən və ya itmədən durur. Qədər həqiqəti Allah`ın Hafiz (mühafizə edən, qoruyan) sifətinin, sonsuz gücünün, qüdrətinin və böyüklüyünün təcəllilərindən biridir.