Əvvəlki səhifələrdə də bildirildiyi kimi, zamanın mütləq həqiqət deyil, nisbi hiss olması müasir elmin kəşfləri ilə qətiləşmişdir. Elmin XX əsrdə kəşf etdiyi bu həqiqətin Quranda 1400 il əvvəl bildirilməsi isə böyük möcüzədir.
Allah bir çox ayəsində dünya həyatının çox qısa olduğunu vurğulayır. Bir insanın təxminən 60 illik ömrünün ayələrdə günün bir saatı qədər qısa olduğunu Rəbbimiz belə bildirir:
O gün ki, Allah sizi çağıracaqdır. Siz də Ona şükür edərək dərhal çağırışına cavab verəcəksiniz və sizə elə gələcəkdir ki, (dünyada) çox az qaldınız! (İsra surəsi, 52)
Gündüz bir saat belə olmamışlar kimi, bir yerə toplayacağı gün onlar bir-birini tanıyacaqlar. Allah`la qarşılaşacaqlarını yalan hesab edənlər, sözsüz ki, ziyana uğrayacaqlar. Onlar heç doğru yolda da deyildilər. (Yunis surəsi, 45)
Bəzi ayələrdə isə zamanın insanların hesab etdiklərindən daha qısa olduğunu Allah belə bildirir:
Belə buyurdu: "Yer üzündə neçə il qaldınız?" Onlar: "Bir gün, bir gündən də az, hər halda, sayanlardan soruş!" - deyə cavab verdilər. Allah buyurdu: "Əgər bilirsinizsə, siz (orada) çox az qaldınız! (Muminun surəsi, 112-114)
Quranda başqa ayələrdə isə fərqli ölçülərdə zamanın daha fərqli sürətlə axdığı xəbər verilir.
Məsələn, Allah qatındakı bir günün insanların min ilinə bərabər olduğu bildirilir. (Həcc surəsi, 47) Bu mövzu ilə bağlı digər ayələr belədir:
Mələklər və ruh (Cəbrail) Onun dərgahına müddəti əlli min il olan bir gündə qalxarlar. (Məaric surəsi, 4)
O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin saydığınızın min ilinə bərabər olan bir gündə Ona doğru yüksələr. (Səcdə surəsi, 5)
Quranın daha bir çox ayəsində istifadə edilən üslub zamanın hiss olduğunu açıq şəkildə ortaya qoyur. Allah Quranda bəhs edilən mömin Kəhf əhlini 300 ildən çox müddət ərzində dərin yuxuya vermişdir. Daha sonra oyandırdıqda isə bu şəxslər zaman cəhətdən çox az müddətdə yuxuda olduqlarını düşünmüş, nə qədər çox yatdıqlarını təxmin edə bilməmişlər.
Biz onları mağarada illərlə yuxuya verdik. Sonra iki tayfadan hansının onların (mağarada) qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq. (Kəhf surəsi, 11-12)
Beləcə də onları bir-birindən hal-əhval tutsunlar deyə, oyatdıq. Onların biri dedi: "Nə qədər qaldınız?" Onlar: "Bir gün və ya bir gündən az!" - deyə cavab verdilər. Onlardan (bəziləri isə) belə dedi: "Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir..." (Kəhf surəsi, 19)
Aşağıdakı ayədə bəhs edilən vəziyyət də zamanın, əslində, psixoloji hiss olmasının vacib dəlilidir.
Yaxud uçulmuş bir kəndin yanından keçən kimsənin əhvalatını bilirsən? O kimsə: "Əcəba, Allah bu kəndi ölümündən sonra necə dirildəcək?" - demişdi. Belə olduqda, Allah onu yüz il ölü halında saxladı, sonra dirildərək ondan: "Nə qədər yatmısan?" - deyə soruşdu. O da: "Bir gün, bəlkə, bir gündən daha az", - deyə cavab verdi. Allah ona: "Bəlkə, yüz il yatmısan, yediyin yeməyə, içdiyin suya bax, hələ də xarab olmayıb. Bir də uzunqulağına bax! Səni insanlar üçün bir ibrət dərsi olmaqdan ötrü belə etdik. İndi sümüklərinə bax, gör necə onları bir-biri ilə birləşdirir, sonra da onların üzərini ətlə örtürük?" - deyə buyurdu. O kimsəyə bunlar aydın olduqda: "Artıq bildim ki, Allah hər şeyə qadirdir!" - dedi. (Bəqərə surəsi, 259)
Göründüyü kimi, bu ayələrdə zamanın nisbi olduğu, mütləq olmadığı açıq şəkildə bildirilir. Yəni zaman qavramaya və qavrayana görə dəyişir; qavrayandan kənar öz-özlüyündə bir varlığı olan sabit varlıq deyil.