logo

Sonsuz zaman Allah'ın hafizəsində qorunur

Maddənin əsli ilə heç vaxt təmasda olmadığımızı və gördüyümüz hər şeyin beynimizdə əmələ gələn hisslər olduğu həqiqətini tam qavraya bilməyən bəzi insanlar müxtəlif səhv fikirlərə düşür, bu həqiqətdən səhv nəticələr çıxarırlar. Məsələn, bir qismi maddənin xəyal olduğuna dair izahları "maddə yoxdur" kimi anlayırlar. Bir qismi isə maddənin ancaq biz gördüyümüz zaman xəyal kimi mövcud olduğunu, ancaq görmədikdə yox olduğunu zənn edirlər. Bunların heç biri doğru deyil. Əvvəla, "maddə yoxdur" və ya "insanlar, ağaclar, quşlar... bunların heç biri yoxdur" demək qətiyyən doğru deyil. Çünki bunların hamısı var və hamısını Allah yaratmışdır. Ancaq Allah bütün bu varlıqları kitabın əvvəlindən bəri izah etdiyimiz kimi bizim üçün görüntü, hiss kimi yaratmışdır. Yəni Allah bu varlıqları yaratdıqdan sonra onları öz başlarına (qaim) olan sabit varlıqlar etməmişdir. Hər birini hər an yaratmaqda davam edir. Biz görsək də, görməsək də, bu varlıqlar Allah`ın hafizəsində sonsuzluğa qədər mövcuddur. Bizdən əvvəlkilər kimi, bizdən sonrakı varlıqları da Allah tək bir an içərisində onsuz da yaratmışdır. Zamanın hiss olması mövzusunda izah edildiyi kimi, zamanı da Allah yaratmışdır və Allah zamandan uzaqdır. Ona görə, bizim üçün gələcəkdə var olacaq varlıqlar da Allah qatında tək bir an içərisində yaradılmışlar və hal-hazırda mövcuddurlar. Ancaq biz zamandan asılı olduğumuza görə, onları hələ görə bilmərik.

Gələcəkdə görə biləcəyimiz və ya bizim üçün gələcəkdə mövcud olacaq varlıqlar necə Allah`ın hafizəsində hər an mövcuddurlarsa, keçmişdəkilər də eyni şəkildə, heç itmədən Allah`ın hafizəsində mövcuddurlar. Məsələn, sizin rüşeym kimi ana bətnindəki halınız, oxuma-yazmağa başladığınız bu günkü halınız, ilk dəfə qiymət vəsiqənizi əlinizə aldığınız an, ilk dəfə avtomobil istifadə etməyiniz, bir gün avtobusda yer verdiyiniz yaşlı qadının gülümsədiyi an kimi keçmişdə yaşadıqlarınızla yanaşı, gələcəyinizdəki bütün anlar da hal-hazırda Allah`ın hifzindədir və heç itmədən sonsuzluğa qədər qalacaqlar.

Yolda gedərkən ayağınıza ilişən daş parçası siz hələ doğulmamış qədərinizdə müəyyən edilmişdir. O daşın böyük qayadan qopduğu, bütün girinti-çıxıntılarının əmələ gəldiyi hər mərhələ Allah qatında hələ o daş ayağınıza ilişmədən əvvəl mövcuddur. Eyni şey zibil qutusunda gördüyünüz ölü kəpənək və ya başınıza ağacdan düşən quru yarpaq üçün də əsaslıdır. Kəpənəyin tırtıl halından baramadan çıxdığı və qanadlarını qurutduğu andan yerdəki zibilə qarışdığı ana qədər hamısı qədərdə sonsuz başlanğıcdan məlumdur. Allah qatında bu kəpənəyin canlı və ölü halı heç itmədən durur və sonsuzluğa qədər durmaqda davam edəcəkdir.