logo

Bütün səsləri beynimizdə eşidirik

Eşitmə prosesi də eynilə görmə kimi baş verir. Başqa sözlə, xarici aləmə aid görüntüləri beynimizin içində necə görürüksə, səsləri də beynimizin içində eşidirik. Xarici qulaq ətrafdakı səs dalğalarını qulaq seyvanı ilə toplayaraq qulağa ötürür. Orta qulaq isə qəbul etdiyi səs titrəyişlərini gücləndirərək daxili qulağa ötürür. Daxili qulaq da bu titrəyişləri səsin gərginliyi və sıxlığına görə elektrik siqnallarına çevirərək beyinə göndərir. Beyində bir neçə mərhələdən sonra siqnallar son mərhələdə işlənir və şərh edilmək üçün eşitmə mərkəzinə göndərilir. Beləliklə, eşitmə prosesi də beyindəki eşitmə mərkəzində həyata keçir.

Ona görə də beynimizdən kənarda səslər deyil, səs dalğaları kimi tanınan fiziki titrəyişlər var. Bu səs dalğalarının səsə çevrildiyi yer isə xarici aləm və ya qulağımız deyil, beynimizin içidir. Yəni görən gözlərimiz olmadığı kimi, eşidən də qulaqlarımız deyil. Məsələn, ən yaxın dostunuzla söhbət edərkən dostunuzun görüntüsünü beyninizdə izləyir, səsini də beyninizin içində dinləyirsiniz və necə ki, beyninizdəki görüntü üç ölçülü, dərinlik hissi ilə əmələ gəlirsə, dostunuzun səsi də sizə dərinlik hissini təsdiqləyəcək şəkildə gəlir. Məsələn, dostunuzu sizdən uzaqda görürsünüzsə və ya arxanızda bir yerdə oturursa, səsinin də yerinə görə uzaqdan, çox yaxından və ya arxanızdan gəldiyini zənn edirsiniz. Əslində isə, dostunuzun səsi nə arxanızda, nə də uzağınızdadır. Dostunuzun səsi sizin içinizdə, beyninizdədir.

Eşitdiyiniz səsin əsli barədə möcüzələr bununla bitmir. Beyin necə işığı keçirmirsə, səsi də keçirmir. Yəni beyinə heç bir zaman səs girə bilməz. Ona görə, eşitdiyiniz səslər nə qədər gurultulu olsa da, beyninizin içi tamamilə səssizdir. Lakin bu gurultunu, ən aydın səsləri beyninizdə dinləyirsiniz. O qədər aydındır ki, sağlam insan qulağı heç bir xışıltı olmadan hər şeyi eşidir.

Səs keçirməyən, dərin səssizliyin hökm sürdüyü beyninizdə orkestrin simfoniyalarını dinləyirsiniz, şəhərin səs-küyünü eşidirsiniz, yarpağın xışıltısından reaktiv təyyarələrin gurultusuna qədər böyük tezlik və desibel aralığındakı bütün səsləri qavraya bilirsiniz. Sevdiyiniz müğənninin konsertinə getdikdə bütün salonda əks olunan o güclü səs də, əslində, beyninizdəki səssizliyin içində əmələ gəlir. Öz-özününzə yüksək səslə mahnı oxuduğunuzda da bunu yenə beyninizdə dinləyirsiniz. Əslində isə, o anda həssas cihazla beyninizin içindəki səs səviyyəsi ölçülərsə, burada tamamilə səssizliyin hakim olduğu məlum olar. Bu, çox fövqəltəbii vəziyyətdir. Beyninizə gələn elektrik siqnalları səs kimi, məsələn, hər hansı bir stadiondakı insanların müşayiət etdiyi qrupun konserti şəklində beyninizdə dinlənilir.