Süni siqnallarla bir dünya əmələ gətirilməsi həqiqətinə ən yaxşı nümunələrdən biri də hipnozdur. Məlumdur ki, hipnozda hipnoz edilən şəxsin təlqinlər vasitəsilə həqiqisindən ayırd edilməyəcək qədər inandırıcı bir sıra hadisələri yaşaması təmin edilir. Sözügedən şəxs olduğu otaqda olmayan görüntüləri, adamları və ya mənzərələri görür, səsləri eşidir, qoxuları və dadları bilir. Bu müddətdə yaşadığı hadisələrdən sevinir, kədərlənir, həyəcanlanır, sıxıntı, təşviş keçirir. Hətta hipnoz altındakı şəxsin yaşadığı hadisələrin təsiri kənardan fiziki cəhətdən də müşahidə olunur, verilən təlqinlə əlaqədar nəbzin vurması, təzyiqin yüksəlməsi, dərisində qızartı əmələ gəlməsi, temperaturunun qalxması, mövcud ağrını hiss etməsi kimi əlamətlər meydana gəlir.16
Məsələn, hipnozun tətbiq edildiyi bir təcrübədə şəxsə xəstəxanada olduğu və bu xəstəxananın onuncu mərtəbəsində ölmək üzrə olan bir xəstə olduğu deyilmiş, ancaq onun əlindəki dərmanı tez çatdırdığı halda xəstənin həyatının qurtarılacağı təlqin edilmişdir. Bu şəxs hipnoz ərzində təlqinin təsiri ilə son dərəcə sürətlə 10 mərtəbəni yuxarı çıxmağa başladığını hesab etmişdir. Bu zaman tövşümüş, bərk yorulduğu üçün təngnəfəs olmuşdur. Sonra ona artıq ən yuxarı mərtəbəyə çatdığı və dərmanı çatdırdığı deyilmiş və rahat bir çarpayıya uzanması təlqin edilmişdir. Beləliklə, hipnoz edilən şəxs rahat olmağa başlamışdır.17 Hipnoz edilən şəxs ona təlqin edilən məkanı və mühiti bütün gerçəkliyi ilə yaşamasına baxmayaraq, ortada nə bəhs edildiyi kimi bir məkan, nə insanlar, nə də hadisələr vardır.
Digər təcrübədə isə normal otaqda olan şəxsə hamamda olduğu və hamamın çox isti olduğu təlqin edilmiş, bundan sonra həmin şəxs həddindən artıq tərləməyə başlamışdır.18 Burada çox vacib cəhət də diqqəti cəlb edir. İnsan bədənində tərləmə baş verməsi üçün bəzi təsirlərin meydana gəlməsi şərtdir. Bu hipnoz hadisəsində qarşılaşdığımız həqiqət isə budur: hipnoz edilən şəxs xarici aləmdə tərləməyə səbəb olan heç bir amil olmadığı halda tərləmişdir. Bu nümunə açıq şəkildə göstərir ki, bir məkanda olmaq və ya bir mühiti hiss etmək üçün o mühitin və ya məkanın əsli ilə təmasda olmaq şərt deyil. Süni siqnallar və ya təlqin yolu ilə bənzər təsirlərin əmələ gətirilməsi mümkündür.
Milli Hipnoterapiya Dərnəyi, Milli Psixoterapiya Dərnəyi, Peşəkar Hipnoterapistlər Mərkəzi, Hipnoterapiya Araşdırma Dərnəyi kimi bir çox qurumun üzvü olan ingilis hipnoterapiya mütəxəssisi Terrens Vats bir məqaləsində hipnoz vaxtı keçmişdəki hadisəni xatırlayaraq danışan insanlarda danışdıqları hadisə ilə əlaqədar olaraq bəzi fiziki dəyişikliklər müşahidə edildiyini bildirir. Məsələn, insanın danışdığı hadisədə nəfəs alma çətinliyi kimi vəziyyət baş vermişsə, hadisəni hipnoz altında danışdığı vaxtda yenə nəfəsi daralır, hətta bir müddət tamamilə dayanır. Vats hipnoz zamanı kiçik yaşlarında döyüldüyü anı danışan insanın üzündə şillə izlərinin meydana gəldiyini də bildirir. Bundan əlavə, Vats bunun sirr olmadığını, bədənin ağrıya cavab verdiyini bildirir.19
Hipnoz hadisələrində görülən ən təəccüblü nümunələrdən biri də hipnoz edilən şəxsin dərisində təlqin nəticəsində yaraların belə əmələ gəlməsidir. Məsələn, Paul Torsen adlı tədqiqatçı hipnozdakı şəxsin qoluna sadəcə qələmin ucunu toxundurmuş və bunun közərmiş şiş olduğunu təlqin etmişdir. Bir az sonra qələmin dəydiyi yer qabarmışdır. Eyni tədqiqatçı birisinə hipnoz vaxtı qolunun A hərfi şəklində sıyrıldığını təlqin etmişdir. Başqa bir şey etmədiyi halda, o yerdə A hərfi şəklində qızartı əmələ gəlmişdir.20 Buri və Burot adlı tədqiqatçılar isə hipnoz edilən şəxsə qolunun kəsildiyini təlqin edib yumşaq qələmlə azca cızmış və sonra qolundan qan sızdığını görmüşlər.21
J.A.Hadfild isə hipnoz etdiyi dənizçiyə qoluna isti dəmir vurduğunu və o yerin yanacağını söyləmişdir. Halbuki, sadəcə barmağının ucunu toxundurmuşdur. Sonra da o yeri sarımışdır. 6 saatdan sonra sarğı açıldıqda orada, həqiqətən, yüngül qızartı və qabarıq görünmüşdür. Hadfild: “Ertəsi gün qabarıq xeyli böyümüşdü və eynilə yanıq yeri kimi su yığılmışdı”, - demişdir.22
Hipnoz vaxtı insan bədənində meydana gələn bu dəyişikliklər görmə, eşitmə, toxunma, hiss etmə, ağrı bilmə kimi hisslərimizin əmələ gəlməsi üçün xarici aləmə ehtiyacımızın olmadığını göstərir. Məsələn, xarici aləmdə qızarmış dəmirin olmadığına baxmayaraq, bu təlqini alan şəxsin qolunda yanıq izi əmələ gələ bilir. Bütün bu nümunələrdən də məlum olduğu kimi, həm görüntünün necə əmələ gəldiyini tədqiq etdikdə, həm texnoloji nailiyyətlərə baxdıqda, həm də hipnoz kimi təlqin üsullarını bu məlumatlara əlavə etdikdə ortaya qəti həqiqət çıxır: insan ömrü boyu bədəninin xaricindəki dünyada yaşadığını zənn edir. Halbuki, dünya dediyimiz hər şey qavrama mərkəzlərimizə çatan siqnalların beynimiz tərəfindən şərhidir. Yəni biz beynimizin içində əmələ gələn dünyadan başqa dünya ilə heç vaxt təmasda ola bilmərik. Xarici aləmdə nə olduğunu bilməyimiz əsla mümkün deyil. Beyinə ötürülən siqnalların mənbəyinin, orijinalının nə olduğunu da bilmirik. Bu gün bu mövzu ən əsas elmi kitablarda yer alan və məktəbdə yuxarı siniflərdən etibarən insanlara öyrədilən açıq həqiqətdir. Problem ondadır ki, insanlar bu həqiqət üzərində düşünmürlər.