İnsanların gördükləri, eşitdikləri, toxunduqları, qoxuladıqları və mütləq varlıq hesab etdikləri hər şeyin, əslində, hisslərdən ibarət olduğu və həyatımız boyu sadəcə xəyali görüntülərlə təmasda olduğumuz eynilə kainatın yoxdan var edildiyi, sonsuzluğun varlığı, öldükdən sonra sonsuz həyat üçün yenidən dirildiləcəyimiz kimi qeyri-adi bir vəziyyətdir. Allah qüsursuz və saymaqla bitməyəcək qədər çox xüsusiyyətə malik olan kainatı hər an qüsursuz şəkildə yaratmaqdadır. Hətta bu yaratma o qədər qüsursuzdur ki, yer üzündə bu günə qədər mövcud olmuş bir çox insan bu kainatın və gördükləri hər şeyin xəyal olduğunu anlaya bilməmiş, daima maddənin əsli ilə təmasda olduqlarını düşünmüşlər.
XXI əsrdə elmi tapıntılar qəti şəkildə sübut etmişdir ki, maddənin əsli ilə təmasda olmaq heç bir zaman mümkün deyil. Ancaq bəzi insanlar hələ də bu məsələ ilə bağlı özlərini bilməməzliyə vururlar. Əslində isə, bu mövzuda özünü bilməməzliyə qoymaq, nəzərə almamaq və ya rədd etmək doğru deyil. Ona görə, bu mövzu ilə qarşılaşan insanların bu mövzunun əhəmiyyətini düşünmələri və qavramaları çox vacibdir. Maddənin gerçək mahiyyətini oxuyan bəzi insanlar bu mövzuya nə üçün bu qədər əhəmiyyət verildiyini başa düşmədiklərini bildirirlər. Hətta bu mövzunun iman ilə əlaqəsi olmadığını hesab edir, nə üçün hər imani mövzunun ardından bu mövzunun izah edildiyini soruşurlar. Həqiqətdə bu mövzunun əhəmiyyəti ortadadır. Materialistləri qorxudan, onların bütün fikirlərini məhv edən bu həqiqətin əhəmiyyətini bütün müsəlmanlar anlamalı və insanlara da çatdırmağa çalışmalıdırlar.
Maddənin həqiqi mahiyyətinin məlum olması insanların bəzi iman mövzularını anlamağı baxımından böyük əhəmiyyət daşıyır və digər iman mövzuları qədər vacibdir. Hər şeydən əvvəl maddənin həqiqi yönünün başa düşülməsi ilə insanlar həm dünyaya olan bağlılıqlarından əl çəkir və yalnız axirətə yönəlirlər, həm böyük xətadan qurtulur, həm də bu xətalarına görə qavraya bilmədikləri bəzi həqiqətləri də asanlıqla dərk edə bilirlər. Allah`ın harada olduğu, cənnət və cəhənnəmin varlığı, ruhun mahiyyəti, ölümdən sonrakı həyat, sonsuzluq kimi mövzular materialist dünyagörüşünə malik və ya bu fikrin təlqini ilə yetişmiş insanlar tərəfindən dərk edilə bilmir. Ancaq maddənin xəyal kimi qavranılması bu sualların doğru cavablandırılmasına kömək edir. Beləliklə, insanlar Allah`ın tək mütləq varlıq olduğunu açıq şəkildə görə bilirlər. Maddənin nə olduğunun başa düşülməsi ilə insanlar dünya həyatında bağlandıqları hər şeyin, həvəslərinin, istəklərinin, onlara Allah`ı və axirəti unutduran hər şeyin boş və aldadıcı olduğunu dərk edirlər. Bu isə dünya həvəslərindən qurtularaq ixlasla Allah`a yönəlmələrinə və şirkdən uzaq olmalarına səbəb olur.
İnsanların lovğalıq və əzəmətlə hər cür insanlıq və əxlaqdan kənar davranışa meyil etdiyi bu əsrdə insanları özlərinin və gözlərində böyütdükləri digərlərinin kölgə varlıq olduqlarını anladıqda təkəbbür və əzəmətlərinin yerini təvazökarlıq və mülayimlik alar.
Bütün bunlar isə rahatlıq və təhlükəsizliyin olduğu, xəsislik və xudbinliyin, rəhmsiz rəqabətin aradan qalxdığı cəmiyyətlərin meydana gəlməsinə səbəb olar.
Maddənin əsli ilə təmasda olmadığımızın qəbul edilməsi nəticəsində əldə ediləcək ən mühüm irəliləyişlərdən biri, şübhəsiz, materialist fəlsəfənin çökməsi olacaqdır.
İndi isə maddənin mütləq olmadığı həqiqətinin nə üçün ən vacib mövzulardan biri olduğunun incəlikləri ilə yaxından tanış olaq.